Kiyev Milli Qvardiyanı müharibəyə hazırlayır
Bizi izləyin

Dünya

Kiyev Milli Qvardiyanı müharibəyə hazırlayır

Ukrayna Milli Qvardiyası yeni hərbi texnikanın 100 vahidini alıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Kanal 5”-ə bildirib.

Onun sözlərinə görə, Milli Qvardiyaya hərbi texnikanın ümumilikdə 500 vahidinin verilməsi planlaşdırılır.

Verilən texnika arasında yük maşınları, “Kuquar" və “Spartan” zirehli avtomobillər var. Milli Qvardiya bundan əvvəl isə 10 tank alıb. Halbuki həmin tankların Konqoya çatdırılması nəzərdə tutulurdu.

Bütün bunların fonunda isə Rusiyada hesab edirlər ki, Ukrayna yeni hərbi əməliyyatlara hazırlaşır və sentyabrın 5-də separatçılarla imzalanan atəşkəs razılaşmasından ordunu gücləndirmək üçün istifadə olunur.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotor Poroşenko ötən həftə “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” 744 saylı qanunu imzalayıb. Sözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb.

Qanundakı bir sıra bəndlərin məxfiləşdirilməsi isə Rusiyanı şübhəyə salır.

“Kiyevin strategiyası “xüsusi dövr” şəraitində milli iqtisadiyyatın qurulmasına yönəlib. Müdafiə leksikasında “xüsusi dövr” hərbi vəziyyətin bütün ölkə ərazisində tətbiqini nəzərdə tutur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının açıq hissəsində bu hərəkətlər ölkəyə qarşı mümkün silahlı təcavüzün dəf edilməsinə hazırlıqla əsaslandırılır. Sətirlərin arasında oxunur ki, Kiyev təcavüzkar olaraq məhz Rusiyanı görür. Diqqətçəkən məqam odur ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının açıqlanmasından iki gün sonra Ukrayna prezidenti rusiyalı kollegiyası Vladimir Putinlə Minskdə görüşdü. Qərarın prezident fərmanı ilə təsdiq edilməsi isə Poroşenkonun ABŞ-da Barak Obama ilə görüşündən sonraya təsadüf etdi”, - deyə “Nezavisimaya Qazeta” hökümətdəki mənbəyə istinadən bildirir.

Rusiya Hərbi Elmlər Akademiyasının üzv-müxbiri Eduard Rodyukov da təsdiqləyir ki, Kiyevin hazırkı müdafiə planları Ukrayna rəhbərliyinin qətiyyətli hərbi hərəkətlərə hazırlaşdığını göstərir: “Çətin ki, Ukrayna yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Amma Poroşenko orduda yenilənmə aparacaq və ölkə iqtisadiyyatını hərbi relslərin üzərinə çıxaracaq. Bu baxımdan ölkənin cənub-şərqində hərbi əməliyyatların yenilənməsi istisna edilmir. Rusiya və beynəlxalq cəmiyyət bu cür hərəkətlərinin perspektivinin olmadığına Ukrayna liderini inandırmalıdır. Əks halda, faciələrdən qaçmaq mümkün olmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm