Dünya mətbuatının Türkiyə seçkiləri ilə bağlı ən son analizləri: Qalib gəlməyə hazırdır
Bizi izləyin

Dünya

Dünya mətbuatının Türkiyə seçkiləri ilə bağlı ən son analizləri: Qalib gəlməyə hazırdır

Türkiyədəki prezident seçkiləri dünya mediasının manşetini bəzəməyə davam edir.

Publika.az "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Türkiyədə prezident seçkilərinin ikinci turu üçün geri sayım davam edərkən dünyanın bir çox tanınmış media orqanları sözügedən prosesləri öz izləyici kütləsinə ən önəmli informasiya kimi təqdim edir.

Məsələn, CNN İnternational "Ərdoğan qalib gəlməyə hazırdır" başlıqlı yazı ərsəyə gətirib. Eyni zamanda, Britaniyanın "Middle East Eye" qəzeti isə müxalifətdəki qarşıdurmalardan bəhs edib. “Bir çox yüksək vəzifəli məmurlar müxalifətin qaçqınlara qarşı zorakı ritorikasını əsas gətirərək "Gələcək" partiyasından istefa veriblər”, - məqalədə deyilir.

Bu əsnada Ankara ilə Afina münasibətlərinin seçkilərdən sonrakı istiqamətini təhlil edən Yunanıstanın "Kathimerini" qəzeti isə qalmaqallı başlıqla oxucularının qarşısına çıxıb.

Yunan qəzeti "Bəzən itlər həm hürür, həm də dişləyir" başlıqlı xəbərində, "Yunan-Türkiyə münasibətlərindəki sakit dövrün sonsuza qədər davam etməyəcəyinin əvvəldən məlum olduğunu bildirib. Bu, Yunanıstan və Türkiyədə seçkilər başa çatdıqdan sonra müddəti bitəcək müvəqqəti razılaşma idi. İndi görürük ki, Ankara tədricən aqressiv ritorikadan istifadəyə başlayır" kimi ifadələrdən istifadə edib.

Ankara-Afina münasibətlərindəki müsbət tendensiyanın seçkidən sonra da davam edə biləcəyini ehtimal edən qəzet mənfi ssenariyə hazır olmağın da vacibliyini vurğulayıb.

Almaniyanın ZDF qəzeti “Anti-immiqrant partiya Kılıçdaroğlunu dəstəkləyir” manşetli xəbəri ilə diqqət çəkib.

"Türkiyə seçkiləri nə üçün əhəmiyyətlidir?" - ABŞ-ın qabaqcıl qəzetlərindən olan “Washington Post” Türkiyənin strateji əhəmiyyətini bu sual ətrafında analiz edib:

“Avropa ilə Asiyanı birləşdirən və Qara dənizə çıxışa nəzarət edən Türkiyə strateji mövqe tutur. O, NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya malikdir”.

"Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra bu, Ərdoğanın sonuncu seçkisi ola bilərdi. Əksinə, o, qalib gəlməyə hazırdır.", - ABŞ-da yerləşən "CNN International" kanalı öz xəbərinə belə bir başlıq verib.

BBC-nin "Türkiyə seçkiləri Afrikada niyə yaxından təqib edilir?" manşetli yazısı da böyük marağa səbəb olub.

"Türkiyənin Afrikadakı təsiri son 20 ildə çox artıb və bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda kim qalib gəlsə, hadisələrin bundan sonra necə cərəyan etməsi ondan asılı olacaq", - məlumatda deyilir.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm