“Ankara artıq müttəfiqimiz deyil” – “WSJ” ABŞ-ın yeni müttəfiqini göstərdi
Bizi izləyin

Dünya

“Ankara artıq müttəfiqimiz deyil” – “WSJ” ABŞ-ın yeni müttəfiqini göstərdi

ABŞ-ın “Wall Street Journal” qəzeti Türkiyənin İŞİD terror qruplaşması ilə bağlı siyasəti və Vaşinqtonun liderliyi ilə yaradılan koalisiyadakı mövqeyini qiymətləndirib.

Publika.az-ın verdiyi xəbərə görə, amerikan nəşri Türkiyəni sərt bir dillə tənqid edib.

“WSJ redaktorları” imzası ilə qəzetin internet saytında həm ingilis, həm də türk dilində dərc olunan yazıda başlığı da son dərəcə maraq doğurur: “Ankara artıq ABŞ-ın müttəfiqi deyil”.

Qəzet yazır ki, Ankara hər hansı bir hərbi əməliyyatlarda hücum etməməsi ilə yanaşı, Suriya sərhədinin 160 kilometrliyində yerləşən İncilik bazasından terrorçulara qarşı hava hücumların tənzimləməsi üçün istifadəsinə icazə verməyəcək. Hesab olunur ki, bu vəziyyət illərlə davam edəcəyi gözlənilən bir əməliyyat öncəsi Pentaqonun qarşısına müəyyən problemlər çıxarır.

“Türkiyə 2003-cü ildə də öz ərazisindən İraqa qarşı hava hücumları təşkil etməsinə icazə verməmiş və ABŞ başqa yollar axtarmağa məcbur olmuşdu. Əlbəttə ki, ABŞ ordusu hava hücumlarını təşkil etmək üçün başqa yollar tapacaq. Amma Türkiyənin yeri başqadır. Türkiyənin İraq və Suriya ilə olan quru sərhədinin uzunluğu təxminən 1200 kilometrdir. Bu isə Türkiyənin İŞİD-ə mübarizədə yalnız simvolik deyil, bundan daha çoxunu verə biləcəyi anlamına gəlir. Ancaq Türkiyənin gəldiyi nəticə təəssüf doğurur”, - deyə “WSJ redaktorları” yazır.

ABŞ nəşri həmçinin qeyd edir ki, Türkiyə xarici cihadçıların öz ərazisindən Suriya və İraqa keçməsinə göz yumub: “Ərdoğan hökumətinin Qəzzada Həmasa, Misirdə isə “Müsəlman Qardaşları” Təşkilatına verdiyi dəstək deməyə əsas verir ki, Türkiyə öhdəçiliklərini yerinə yetirmir. İŞİD türk diplomatları və ailələrini Mosulda girov saxlaya bilər, ancaq vətəndaşları əsir düşən yeganə ölkə Türkiyə deyil. Ankara eyni zamanda İŞİD-in düşmənlərinə göndəriləcək silahların PKK terror təşkilatının əlinə keçməsindən qorxur. Ancaq bu İncirlik hərbi bazasının ABŞ-ın hərbi əməliyyatları üçün bağlanılması üçün səbəb ola bilməz. Belə bir vəziyyətdə isə ABŞ İŞİD-ə qarşı mübarizədə daha yaxşı regional müttəfiq tapmalıdır. Gözlənildiyi kimi, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri koalisiyaya qoşulsalar da, ictimaiyyət istəksiz görünür. Bağdadın yeni hökumətinin isə ordunu nə vaxt ayağa qaldıracağı məlum deyil”.

“Wall Street Journal” hesab edir, Vaşinqton üçün hazırda ən yaxşı variant hərbi əməliyyatlara əsgər göndərməyə hazır olan kürdlərin önə çıxarılmasıdır: “İncirlik təxminən 60 ildir ki, ABŞ hərbçilərinə ev sahibliyi edir. Ancaq İncirliyi Şimali İraqdakı kürd torpaqlarında qurulacaq bir hərbi hava bazası ilə əvəz etməyin vaxtı gəlib. Amerikanın artıq Ankarada dostları olmaya bilər, ancaq bu Yaxın Şərqdə başqa bir variantımızın qalmadığı anlamına gəlmir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm