Ankaradan Vaşinqtonu pərt edəcək İncirlik açıqlaması
Bizi izləyin

Dünya

Ankaradan Vaşinqtonu pərt edəcək İncirlik açıqlaması

Türkiyə Baş Nazirlik mənbələri ABŞ-ın İncirlik hərbi hava bazası ilə bağlı tələbini şərh edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şərhdə “davam edən razılaşma xaricində yeni bir razılaşma yoxdur” deyilir.

Açıqlamada həmçinin Suriya müxalifətinə təlim verilməsi mövzusunda razılaşmanın olduğu, amma bunun necə və harada ediləcəyi barədə məlumatın olmadığı bildirilib.

ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması ilə mübarizə üçün Türkiyə ərazisində yerləşən İncirlik hərbi hava bazasından istifadə etmək istəyir. Ötən həftə Kolumbiya səfərində olan ABŞ müdafiə naziri Çak Hegel həftə sonuna kimi İncirlik məsələsini bitirmək istədiklərini bildirmişdi.

1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələri (TSK) və ABŞ Hava Qüvvələrinin birgə istifadəsi üçün açılıb. Hərbi bazanın Yaxın Şərqdəki böhranlara qarşı cavab verməkdə əhəmiyyətli bir yerinin olduğu bildirilir. İncirlik bazası həmçinin “U-2” casus təyyarələrinin kəşfiyyat və müşahidə əməliyyatlarında istifadə edilir. Baza 1960-cı ilin may ayına qədər “U-2” casus təyyarələrinin əsas əməliyyat mərkəzi olub. İncirlik hərbi hava bazasından 1970-80-ci illərdə, həmçinin birinci və ikinci İraq müharibələrində geniş istifadə olunub.

Türkiyə bu bazadan yalnız humanitar yardımların istifadəsi zamanı istifadə oluna biləcəyini bildirsə də, ABŞ Suriyanın şimalında həyata keçirdiyi hava hücumlarında bu bazadan istifadə etmək istəyir. Türkiyə isə İncirlikdən istifadəyə icazə üçün sərhəd yaxınlığında təhlükəsiz ərazi və uçuşlara qadağan bölgənin yaradılması ilə Suriya müxalifətinə tam dəstək verilməsini tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm