Rus kəşfiyyatı üçün cənnət ölkə: Polşa niyə təslim oldu?
Bizi izləyin

Dünya

Rus kəşfiyyatı üçün cənnət ölkə: Polşa niyə təslim oldu?

Bu günlərdə Polşa əks-kəşfiyyatının iki hərbçisi Rusiyanın xeyrinə casusluqda ittiham olunaraq həbs edildi.

Publika.az-ın verdiyi xəbərə görə, siyasi ekspert Stanislav Yaneski ölkəsinin “wPolityce" nəşrində Rusiyanın Polşadakı geniş agentura şəbəkəsindən danışıb.

“Görünür, bu, əla xəbərdir. Çünki neçə il idi ki, Polşa Rusiyanın heç bir agentini tutmağa müvəffəq olmurdu. Digər tərəfdən, bu heç də yaxşı hadisə deyil, sadəcə, dəhşətlidir. Ona görə yox ki, yalnız iki agent neytrallaşdırılıb. Almaniya, Fransa, Böyük Britaniya, İsveç, Finlandiya və ya Çexiyanın kəşfiyyat hesabatlarına görə, Polşa Avropa Birliyi ölkələrindən Rusiya kəşfiyyatının daha çox nüfuz etdiyi qrupa aiddir. Rusiya burada genişmiqyaslı casus fəaliyyəti aparır. Ancaq Polşa dövləti, xüsusən onun məxfi xidmətləri rus kəşfiyyat şəbəkələri haqqında geniş məlumata malik deyillər, ya da onlara heç nə edə bilmirlər”, - deyə polşalı ekspert bildirib.

O, rusların Polşadakı agentura şəbəkəsinin metodlarını geniş olduğunu, əsasən diplomat, hərbçi, sahibkar və jurnalist sifətində özünü göstərdiyini qeyd edib: “Rusiyanın orduda, polisdə, sərhəd və gömrük xidmətlərində agentləri var. Ən təhlükəlisi isə odur ki, Polşa məxfi xidmətlərində də rus agentləri özlərinə yer edib. Keçmiş Hərbi İnformasiya Xidmətində (WSI) işləyən zabitlərinin əksəriyyətinin tərcümeyi-halları göstərir ki, onları fəal şəkildə Rusiya agentura şəbəkəsinə cəlb edirdilər. Amma Üçüncü Polşa respublikasında bu agentura açılmadı, onun neytrallaşdırılması və ya ləğvi haqqında heç danışmıram. Unutmaq lazım deyil ki, 1990-cı ilə qədər sovet xüsusi xidmət orqanlarının Polşa Hərbi Kəşfiyyatına (WSW) girişi üçün geniş meydan var idi. Polşada bu prosedurun miqyası mövzusunda araşdırmalar keçirilməyib və şəxslərin üzə çıxarılması ilə bağlı heç bir iş görülməyib. Bütün bunlar onu göstərir ki, Polşada Rusiya agenturasının miqyası ən cəsarətli fantaziyaları belə üstələyir”.

Stanislav Yaneskinin sözlərinə görə, Rusiyanın “peşəkar” agenturasından başqa, Polşada biznes, Moskvanın təsiri altında işləyən KİV (xüsusən müxtəlif xəbər portalları), ali məktəblər, müxtəlif assosiasiyalar, mədəni müəssisələr, həmçinin dövlət idarələri, partiyalar, yerli hakimiyyət orqanları və fondlarda agentlər yer tapıb: “Əlbəttə, demokratik dövlətdə belə insanları həbs etmək olmaz. Amma təşəbbüs etmək olar ki, xarici dövlətin dəstəyi onlar üçün əlverişsiz olsun. Dövlətlərdə xarici agenturanın ziyankar fəaliyyətinin qarşısını almaq üçün kifayət qədər alətlər var. Və bir çox dövlətlər onlardan istifadə edir. Polşada xarici agenturanın fəaliyyətinin məhdudlaşdırılması üçün heç nə edilmir, əksinə xarici agentura getdikcə daha aktivləşir. Bu o deməkdir ki, Polşa xüsusi xidmət orqanları xarici agentlərin yerləşdirilməsi haqqında kifayət qədər informasiyaya malik deyil. Avropa Birliyinin (məsələn Almaniya, Böyük Britaniya, İsveç və ya Finlandiya) bir çox ölkələri Rusiyanın məxfi xidmətləri haqqında geniş informasiyaya malikdir və onları məharətlə neytrallaşdırırlar. Polşada onlar istədiyi kimi oynayırlar, çünki özlərini tamamilə cəzasız hiss edirlər. Məlum deyil ki, bu nə məsələdir: Polşa xüsusi xidmət orqanları ya Rusiya agenturasına ya qarşı dura bilmir, ya da sadəcə olaraq bunu etmək istəmirlər. Polşa dövlətinin bu xətti son zamanlar Rusiya agenturasını kifayət qədər həvəsləndirib. Polşa faktiki olaraq, Rusiya agenturası ilə bağlı bütün hərəkətlərdən imtina edib və bunun əvəzində Rusiya agentura şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Polşa hər cür forma və metodlarla işləyən Rusiya agentləri üçün əsl cənnətə çevrilib və iki agentin tutulması vəziyyəti dəyişdirmir”.

“Rusiya agentura şəbəkəsinin neytrallaşdırılması üçün dərhal effektiv vasitələr tapmaq lazımdır. Bu şəbəkə Polşaya böyük ziyan vurur. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır. Bunsuz Polşa o qədər müdafiəsiz olacaq ki, sanki ordumuz yoxdur”, - deyə Stanislav Yaneski sonda qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm