Müxalifət hökumətə etimadsızlıq göstərməyə hazırlaşır
Bizi izləyin

Dünya

Müxalifət hökumətə etimadsızlıq göstərməyə hazırlaşır

Ermənistan mətbuatında çıxan informasiyaya görə, parlamentin növbəti iclasında burada təmsil olunan dörd partiya hökumətə etimadsızlıq məsələsini qaldıracaq.“Çiçəklənən Ermənistan" Partiyasının katibi Naira Zoqrabyan növbəti iclasda dörd parlament fraksiyasının çox ciddi təkliflə çıxış edəcəyini bildirib. N.Zoqrabyan təklifin nədən ibarət olduğunu açıqlamasa da, erməni mətbuatı söhbətin məhz hökumətə etimadsızlıq məsələsindən getdiyini güman edir.

Amma 131 yerlik parlamentdə əksəriyyətin hakim Respublikaçılar Partiyasına məxsus olması müxalifət dördlüyünün bu məsələdə qalib gəlmə şansını azaldır. Qeyd edək ki, 131 yerlik Ermənistan parlamentində Respublikaçılar Partiyası proporsional və majoritar sistemlər üzrə 69, ikinci olan "Çiçəklənən Ermənistan" Partiyası isə 37 yerə sahibdir. "Daşnaksütyun" 5, "Orinats Erkir" 5, "Miras" Partiyası isə 5 deputatla parlamentdə təmsil olunub.

Ermənistanın “Lragir” qəzeti də yazır ki, Respublikaçılar Partiyasının parlamentdə böyük əksəriyyəti şəraitində müxalifətin istənilən təklifinin reallaşma ehtimalı, yumşaq şəkildə deyilsə, şübhəlidir. “Müxalifətinin indiki təklifi hakimiyyət üçün tamamilə təhlükəsizdir. Müxalifət təklif edir və cinayətkar hakimiyyət bütün optimal təklifləri rədd edir. Məhz bu zəncir Ermənistanda siyasət adlanır”, - qəzet qeyd edir.

“Lragir” təkliflərin cəmiyyətə yönəldilməsini daha effektiv hesab edir:“Ermənistanda siyasi proseslərin xarakterinin dəyişməsi çox aktualdır. 2008-ci ildə bu cür dəyişiklik üçün əsas yarandı. Amma müxtəlif obyektiv və subyektiv səbəblərə görə, proseslər Ermənistan üçün adət edilmiş yola qayıtdı. Hakimiyyətin ünvanına edilən bu cür təklifin bir qayda olaraq ticarət razılaşması ilə başa çatır. Çünki, böyük kapital daşıyıcıları erməni siyasətinin əsas mühərrikidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm