İsrail İsveçdəki səfirini geri çağırır
Bizi izləyin

Dünya

İsrail İsveçdəki səfirini geri çağırır

İsrail Fələstini bir dövlət olaraq tanıyan İsveçə etiraz olaraq bu ölkədəki səfirini geri çağırır.

Publika.az xəbər verir ki, “Röyters” xəbər agentliyi bu barədə İsrail hökumətindəki mənbəyə istinadən bildirib.

Qeyd edək ki, İsveç hökuməti bu gün rəsmən Fələstini dövlət kimi tanıyıb. Bununla da, İsveç Fələstini bir dövlət kimi tanıyan Avropa Birliyinin ilk ölkəsi olub.

“Bu gün hökumət Fələstin dövlətini tanımaqla bağlı qərar qəbul edib. Bu əhəmiyyətli addımdır və fələstinlilərin öz müqəddəratını təyin etmək hüququna söykənir”, - deyə İsveç xarici işlər naziri Marqot Valstrom bildirib. İsveçin yeni baş naziri Stefan Leven 3 oktyabrda Fələstini tanımaq niyyətində olduğunu bəyan etmişdi. Bu bəyanat İsrail hakimiyyəti tərəfindən tənqid olunurdu. İsrailin xarici işlər naziri Aviqdor Liberman bəyanatı “tələsik və düşünülməmiş” adlandırmışdı.

Fələstin dövlətinin yaranması 1988-ci il noyabrın 15-də Fələstin Milli Şurasının Əlcəzairdə keçirilən növbədən sessiyasında elan edilib. Fələstin dövlətinin de-fakto tanınması barədə qərar 2012-ci ildə BMT Baş Assambleyasında qəbul olunub. Fələstini dövlət kimi 26 il ərzində 134 ölkə tanıyıb. Ancaq onların arasında Avropa Birliyinin heç bir ölkəsi yox idi. Buna baxmayaraq, Fələstinin bir çox Avropa ölkəsində diplomatik missiyaları var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm