Berlin divarı ABŞ, Rusiya, Avropa və Çindən necə görünür?
Bizi izləyin

Dünya

Berlin divarı ABŞ, Rusiya, Avropa və Çindən necə görünür?

Bu həftə “soyuq müharibə”nin əsas simvolu sayılan Berlin divarının sökülməsi barədə razılaşmanın əldə olunmasından 25 il keçir. Dünyanın aparıcı dövlətləri Berlin divarının sökülməsi və “soyuq müharibə”nin sonu haqqında müxtəlif nöqteyi-nəzərlərə malikdir.

Publika.az xəbər verir ki, ABŞ-ın “Los Angeles Times” nəşri Berlin divarının sökülməsi və “soyuq müharibə”nin sonu haqqında fikirlərlə bağlı yazı dərc edib. Həmin yazını ixtisarla təqdim edirik.

“Berlin divarının kabusu dünyanı indiyədək təqib etməkdə davam edir. Beton lövhələr və tikanlı məftillər dünyanın müxtəlif ölkələrinə səpələnib. Divarın ayrı-ayrı hissələri Las-Veqas sakinlərindən birinin qonaq otağını, Cənubi Afrikada piyada küçəsini və “Microsoft” şirkətinin yemək otağını bəzəyir. Ancaq dünya bəzi suallarla bağlı hələ də ümumi fikrə gələ bilməyib: Berlin divarı niyə dağıldı, Avropa kommunizmi niyə məğlub oldu və “soyuq müharibə” necə bitdi? Bu məsələ haqqında dörd hakim fikir mövcuddur və hər biri digərlərinə ziddir: ABŞ, Rusiya, Avropa və Çin.

Amerikalılar “soyuq müharibə”nin sonunu bütövlükdə triumf tarixi kimi qəbul edirlər. “Allahın mərhəməti ilə Amerika qalib gəldi”, - deyə ata Corc Buş bildirib. Amerikalılar üçün Berlin divarının yıxılması yalnız ABŞ-ın dünya hökmranlığının deyil, həm də Amerika dəyərlərinin tanınması simvolu oldu. Amerika liderləri bildirirdilər ki, zülm altında olan avropalılar onlara oxşamaq istəyirlər. Amerikada triumfalizm hər iki partiya üçün tipikdir. Kişik Corc Buş 2003-cü ildə bildirirdi ki, Səddam Hüseynin məğlub edilməsi Berlin divarının yıxılması ilə eyni səviyyədə tarixə düşəcək. ABŞ-da beş il sonra hakimiyyətə gələn Barak Obama da “Dünyanı yenə dəyişdirəcəyik” deyirdi.

Avropalılar amerikalıların bu fikrini bölüşmürlər. Onların fikrincə, kommunizmin iflasının əsas səbəbi heç də hərbi güc və Amerikanın idealları deyil. Bildirilir ki, kommunizmi güc məhv etmədi, məhz gücün yoxluğu Şərqi Avropada məxməri inqilabları mümkün etdi.

Rusiya 1989-cu ili hadisələrdən ağır dərs aldı. Avropa ilə sonrakı inteqrasiya barəsində Qorbaçovun ümidləri çox tezliklə puç oldu. O, Uraldan Atlantik okeanına kimi ümumi “Avropa evi”nin qurulmasını təklif edirdi. Amma NATO genişlənirdi. Baxmayaraq ki, İttifaqın liderləri Rusiyanı inandırmışdılar ki, birləşmiş Almaniyanın şərq sərhədləri istiqamətinə hərəkət etməyəcəklər. Bir neçə onillik ərzində Kreml tərəfindən dəstəklənənlər - polyaklar, çexlər, slovaklar və macarlar Qərbə üz çevirdilər.

Post-sovet iqtisadiyyatı dağıldı. Ərzaq mallarının təchizatı kəskin düşdü. Orta ömrün uzunluğu azaldı, alkoqolizm və uşaq ölümünün səviyyəsi sürətlə artdı. Rusiya həmçinin Amerikanın Balkanlar, Əfqanıstan və Yaxın Şərqdə öz hərbi gücünü göstərməsini sakitcə seyr edirdi. Rusiya prezidenti Vladimir Putin 1989-cu ildə yaşananları ölkə tarixində ən faciəvi hadisə kimi xatırladır. Onun nöqteyi-nəzərindən Sovet İttifaqının dağılması “iyirmi birinci əsrin ən böyük geosiyasi faciəsi” olub. Və o, bu hadisələrdən əhəmiyyətli dərs çıxardı: Qərbin vədlərinə inanmaq olmaz. Rusiyaya əgər ondan qorxurlarsa hörmət edirlər. O, hərbi sahədə ABŞ-la rəqabət aparmağa başlamadı, amma Amerikanı lovğa hegemon hesab edən başqa dövlətlərlə ümumi dil tapmağı bacardı. Eyni zamanda onun sərəncamında olan alətlərdən - enerji resursları, kibertexnologiyaların inkişafı və BMT Təhlükəsizlik Şurasında veto hüququnun istifadə etməklə milli maraqlarını həyata keçirməyə başladı. Avropalılar danışır, amerikalılar lovğalanır, Putin isə düşünür və hərəkət edir.

Rusiya kimi Çin də 1989-cu il hadisələrindən dərs çıxardı. Çinlilər üçün Berlin divarının yıxılması həmin ilin əsas hadisəsi olmadı. Əsas hadisə Tyananmen meydanındakı üsyan idi. Şərqi Avropada baş verənlər Çin rəhbərliyini narahat edirdi. “Bacardığın hər şeyi etmək lazımdır ki, Şərqi Avropadakı dəyişikliklər Çinin daxili inkişafına təsir etməsin", - deyə 1989-cu ilin martında Çin Kommunist Partiyasının nümayəndələrindən biri bildirirdi. Etiraz aksiyalarının iştirakçılarına qarşı may ayında dəyənək və gözyaşardıcı qazdan, iyunda isə artıq tanklar və pulemyotlardan istifadə olundu.

Bütün rejimlər 1989-cu ildə vətəndaşlarına məğlub oldular. Yalnız Çin hökuməti hakimiyyətdə qalmağı bacardı. Niyə? Çünki öz rəhmsizliyini nümayiş etdirdi. Syaopin daha sərt lider oldu.

Bütövlükdə, 1989-cu il dərslərini optimist adlandırmaq olmaz. Böyük dövlətlərdən hər biri öz şəxsi versiyasını rəhbər tutaraq irəliləyir. Avropa böyük həvəssizliklə geosiyasi təcavüzkarlara müqavimət göstərərək sədaqətli kollektivizm ideyalarına saxlayır. ABŞ dünyada ən güclü ordunu bir nöqtədən başqa nöqtəyə tullamaqda davam edir. Bu isə ABŞ-ın iqtisadi bazasına zərər verir. Rusiya sanki XIX əsri xatırlayırmış kimi diqqətini qonşularının “udulmasına” yönəldib. Çinlilər isə narazıları boğmaqda davam edirlər.

Qeyd edək ki, Berlin divarı Almaniya Demokratik Respublikası tərəfindən 13 avqust 1961-ci ildə Qərbi Berlin ətrafında ucaldılmış divardır. Bu divarın ucaldılması ilə qədim alman şəhərinin müttəfiq Amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşib və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilib. Divarının uzunluğu 155 kilometr idi.

Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası arasında 9 noyabr 1989-cu ildə Berlin divarının sökülməsi barədə razılaşma əldə olunub. Bundan sonra Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axın edib. Nəticədə, divarlar aşırılıb. 1990-cı ildən etibarən hər iki tərəf arasındakı sərhəd postu birdəfəlik ləğv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm