Ukraynadakı gürcü döyüşçü: “Bu, Rusiyanın Ukraynada məğlubiyyətindən başlanacaq” - FOTOLAR
Bizi izləyin

Dünya

Ukraynadakı gürcü döyüşçü: “Bu, Rusiyanın Ukraynada məğlubiyyətindən başlanacaq” - FOTOLAR

“Gürcüstanın taleyi hazırda Ukraynada həll edilir. Əgər biz burada Rusiyanı dayandırmasaq, sabah növbə Gürcüstanın olacaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukraynanın könüllü “Azov” batalyonunun gürcü döyüşçüsü “szona.org” saytına müsahibəsində deyib.

Adı açıqlanmayan döyüşçü Ukraynada yüzə qədər gürcünün vuruşduğunu bildirib. Mühafizəçi işləmək üçün Ukraynaya gəldiyini deyən döyüşçü sonradan Ukraynanın Rusiyanın təcavüzündən qorumaq üçün qərar qəbul etdiyini qeyd edib: “Biz burada Gürcüstan və Ukraynanın gələcəyi üçün vuruşuruq. Burada yüksək intizam və yüksək döyüş ruhu var. Bu keyfiyyətlərsiz isə qələbə qazanmaq mümkün deyil. Mən bura məğlubiyyət üçün gəlmədim”.

O, “Azov” batalyonunda kəşfiyyat-diversiya və yeni əsgərlərin təlimi ilə məşğul olur. Gürcü döyüşçü müharibə başa çatana kimi Ukraynada döyüşmək niyyətindədir: “Daha doğrusu, işğalçı üzərində qələbəyə qədər. Döyüşçülər öz güclərinə əmindirlər və generalitetdən hücum əmrini gözləyirlər. Amma təəssüf ki, ölkə rəhbərliyində siyasi iradə yoxdur, yuxarılarda Rusiya qarşısında qorxu var. Amma mən əminəm ki, Rusiya ilə vuruşmaq və qalib gəlmək mümkündür”.

O, 1992-93-cü illərdə Gürcüstanda gedən müharibə zamanı ukraynalıların ölkəsinə etdiyi yardımı xatırladıb: “Gürcüstan rəhbərliyi özünü Ukrayna hadisələri ilə bağlı qeyri-adekvat aparır. Gürcüstan Ukraynaya təchizatın çatdırılmasında, məsələn, tibbi təminatda kömək edə bilər.

Heç kim Gürcüstandan əlavə olaraq nəsə tələb etmir. Amma elə real sahələr var ki, biz Ukrayna ordusuna kömək edə bilərik. Necə ki, 1992-93-cü illərdə ukraynalılar bizə köməyə gəldilər. İndi bizim növbəmizdir. Ukrayna ordusu formalaşma mərhələsindədir və biz onlara kömək etməyə məcburuq. Görəsən, Gürcüstan rəhbərliyi anlamır ki, Gürcüstanın taleyi hazırda burada həll edilir? Hər şeydən əvvəl Gürcüstanın maraqları Ukraynanın Rusiya işğalından tezliklə azad edilməsini tələb edir”.

“Belə fikirlər də var ki, Ukraynaya kömək etməklə Rusiyanı qıcıqlandırmaq olmaz. Siz bu barədə nə düşünürsünüz” sualına gürcü döyüşçü bu şəkildə cavab verib: “Fərqi yoxdur ki, Rusiya sənə nə vaxt hücum edəcək? Rusiya onsuz da bizə hücum edəcək! Və ümumiyyətlə “Rusiyanı qıcıqlandırmaq lazım deyil” fikir sözləri nə deməkdir? Onlar bizdən Abxaziya və Cənubi Osetiyanı aldılar və biz Rusiya ilə barışmağa məcbur deyilik. Heç kəs bizim ərazilərimizi bizə xoşluqla qaytarmayacaq. Gürcüstanda bu reallığı nə qədər tez anlasalar, bir o qədər yaxşıdır. Gürcüstanın ərazi bütövlüyünün bərpası Rusiyanın Ukraynada məğlubiyyətindən başlanacaq. Ukraynadan təcavüzkarın qovulmasından sonra biz torpaqlarımızı işğaldan azad etmək üçün Gürcüstana gələcəyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm