Türkman Cəbhəsinin lideri: “Qızlarımızı öz əlimizlə öldürürük...” – ÖZƏL
Bizi izləyin

Dünya

Türkman Cəbhəsinin lideri: “Qızlarımızı öz əlimizlə öldürürük...” – ÖZƏL

“İŞİD hücum etdiyi bəzi bölgələrdə türkman qızlarını aparmaq istəyirdilər. Atalar qızlarını əsir düşməməsi üçün öz əlləri ilə öldürdü. Təsəvvür edin, biz qızlarımızı İŞİD-ə əsir düşməməsi üçün öz əlimizlə öldürürük. Bu böyük faciədir”.


Bunu Publika.az-a açıqlamasında İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşat Salihi türkmanların durumu ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, İŞİD hücumları bu gün də davam edir: “Tələfarda bəzi bölgələri aldılar. Kərkükdə bir kəndi tutdular, Mosulun bəzi yerlərini işğal etdilər. Türkman bölgələri daimi olaraq İŞİD hücumuna məruz qalır. Bizim coğrafiyamız işğala məruz qalır, milli kimliyimiz təhlükə altındadır. Lakin bu gün bizə silah verən yoxdur. İraq hökumətindən müqavimət göstərmək üçün silah istədik, hələ də cavab verilməyib. Hazırda müqavimət göstəririk. Ancaq öz gücümüz çərçivəsində mübarizə aparırıq. Bu isə azdır”.


E. Salihi kürd peşmərgələrinə Amerikanın silah verdiyini deyib.


“Biz də Amerikadan silah istəmişik. Amerika, yaxud hökumət silah verməsə, məcbur qalıb başqa qapıları döyəcəyik. Bizim istəyimiz sadəcə öz torpağımızı müdafiə etməkdir. Bu gün İraqda hökumət ordusu və peşmərgə yalnız özlərini qoruyur. Yəni hər kəs özü üçün vuruşur. Özümüzü qorumaq üçün bizim silahımız yoxdur. Başqa qapıları - bu Türkiyə də, Azərbaycan da, yaxud digər dövlət də ola bilər - döyəcəyik. Hələlik gözləyirik. Coğrafiyamıza, milli kimliyimizə təhlükə artır və məcburi olaraq hər kəsə müraciət edəcəyik”, - deyə İraq Türkman Cəbhəsinin lideri bildirib.


E. Salihi türkman ailələrinin bir-birinə sıx şəkildə birləşdiyini bildirib: “Türkmanların içində təfriqçi yoxdur. Bir türkman coğrafiyamız, bir də milli kimliyimiz var. Bunun üçün sona qədər mübarizə aparacağıq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm