Zurab Jvaniya işində daha bir sirli ölüm
Bizi izləyin

Dünya

Zurab Jvaniya işində daha bir sirli ölüm

Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın cəsədinin ekspertizasında iştirak edən daha bir ekspert ölüb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, 54 yaşlı patoloqoanatom Mamuka Çxaidzenin cəsədi evində tapılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Çxaidzenin ölümü ilə bağlı cinayət işi açıqlamayacaq. “Çxaidze təbii ölümlə dünyasını dəyişib. Bundan başqa, ekspertin ailəsinin də hər hansı bir iddiası yoxdur. Buna görə də cəsədin ekspertizadan keçirilməməsinə qərar verilib”, - deyə mətbuat xidmətində qeyd ediblər.

Gürcüstan Baş Prokurorluğu Mamuka Çxaidzeni Jvaniyanın ölümü ilə bağlı bir neçə dəfə sorğu-sual edib. O, sonuncu dəfə bu ayın 7-də dindirilib. Baş prokurorluqdan evinə dönən Çxaidze qonşularla birlikdə nahar edib. Bundan sonra eksperti heç kim görməyib.

Xatırladaq ki, Jvaniyanın cinayət işində iştirak edən digər ekspert - Dövlət Ekspertiza Bürosunun müdiri Levan Samxaraulini baş nazirin ölümündən üç ay sonra öldürülmüşdü. Rəsmi versiyaya görə isə o, intihar edib.

Jvaniya işi üzrə iştirak edən digər ekspert Levaun Çaçua isə xidməti səhlənkarlıqda ittiham edilib.

Qeyd edək ki, Z.Jvaniya 2003-2005-cü illər arasında Gürcüstanın baş naziri olub. Z.Jvaniya və dostu Raul Yusupovun cəsədi 2005-ci il fevralın 3-də baş nazirin evində tapılıb. Rəsmi versiyaya əsasən, ölümə səbəb dəm qazı nəticəsində zəhərlənmə olub. Lakin baş nazirin qətlə yetirilməsi şübhəsi də mövcuddur.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və keçmiş daxili işlər naziri Vano Merabişvili Jvaniyanın ölümündə şübhəli hesab olunur. Keçmiş daxili işlər naziri Vano Merabişvili dindirilsə də, hazırda xaricdə olan keçmiş prezident ifadə verməkdən imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm