“Sarkisyanın açıqlamalarındakı sərtlik verilən itkilərin çoxluğundan qaynaqlanır“
Bizi izləyin

Dünya

“Sarkisyanın açıqlamalarındakı sərtlik verilən itkilərin çoxluğundan qaynaqlanır“

"Ac-yalavac bir ölkənin prezidentinin indiki situasiyada istifadə edə biləcəyi yanaşma yalnız sərt ola bilər".

Politoloq Elman Nəsirli Publika.Az-a bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan son vaxtlar cəbhədə baş verən insidentlə bağlı açıqlamasını şərh edərkən deyib.

Serj Sarkisyan təmas xəttində baş verənləri fövqəladə təhlükəli adlandırıb və Azərbaycan tərəfinə sərt cavab veriləcəyini deyib. O,Azərbaycanı hərbi güc tətbiq etməkdə ittiham edib.

Elman Nəsirlinin fikrincə, bu açıqlama Azərbaycandan çox Ermənistanının daxili auditoriyasına istiqamətlənib: "O dövlətlər ki, xarici siyasətdə radikal bəyanatlarla çıxış edirlər, həmin ölkələrdə daxili vəziyyətin pis olduğunu əminliklə demək olar. Həmin dövlətlər daxili ictimai rəyi çaşdırmaq üçün radikal addımlara üstünlük verirlər.

Sosial bazası olmayan rejimlərin davranışında bu cür bəyanatları, yanaşmaları təbii qəbul etmək lazımdır. Ac-yalavac bir ölkənin prezidentinin indiki situasiyada istifadə edə biləcəyi yanaşma yalnız sərt ola bilər".

Elman Nəsirli hesab edir ki, açıqlamanın sərtliyi verilən itkinin çoxluğunu göstərir:

"Dünya təcrübəsində də bu faktlar var ki, hücuma keçən tərəfin itkiləri daha çox olur. Bu baxımdan istisna deyil ki, Sarkisyan rejimi rəqəmləri gizlətməyə çalışacaq. Həqiqətin deyilməsi eyni zamanda ordudakı acınacaqlı vəziyyətin etiraf edilməsi demək olardı.

Ermənistan cəbhə bölgəsində təxribatlar törətməklə birinci növbədə status-kvonu saxlamağa çalışır. Heç şübhəsiz ki, Ermənistan kimi cırtdan ölkələr yuxarıların dəstəyi ilə hərəkət edir. Hillari Klintonun regiona səfəri ərəfəsində Ermənistanın belə bir təxribata əl atması həm də ABŞ-a mesaj idi ki, regionda əsas oyunçu Rusiyadır və digər oyunçuların bu prosesə müdaxiləsi yolverizməzdir".

Elman Nəsirli qeyd edib ki, belə bəyənatlara beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri həssaslıqla yanaşmalıdırlar:

"Onlar bu bəyanatlara reaksiya verməsələr müharibə versiyası qaçılmaz olacaq. Son təxribat hadisəsi göstərdi ki, atəşkəs nə qədər kövrəkdir".

Ehtiyatda Olan Zabitlər Birliyinin rəhbəri, hərbi ekspert Yaşar Cəfərli də hesab edir ki, Serj Sarkisyan sözügedən açıqlamanı ölkə ictimiyyətinin qəzəbindən qorxaraq verib:

"Ermənistanda ən ciddi narazılıq əsgər anaları tərəfindən edilir. Eyni zamanda nəzərə alaq ki, xalq övladlarını başqa bir ölkənin ərazisində xidmət etməyə göndərir. Bu baxımdan da erməni prezident məcburdur ki, ictimai rəyə hesablanan açıqlamalar versin".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm