Azərbaycanın qadın köşə yazarları Ayşə Armanın soyunması haqqında...
Bizi izləyin

Dünya

Azərbaycanın qadın köşə yazarları Ayşə Armanın soyunması haqqında...

Türkiyə Səhiyyə Nazirliyi ana bətnində rüşeymlərin tələf edilməsinin (abortun) cinayət olub-olmadığına dair Diyanət İşləri Vəqfinə sorğu göndərib.

Vəqf sorğuya cavabda abortun cinayət olduğunu bildirib. Vəqfin qərarı Türkiyədə birmənalı qarşılanmayıb, “Hürriyet” qəzetinin köşə yazarı Ayşə Arman buna etiraz olaraq kameralar önündə soyunub.

Köşə yazarının fikrincə, abort cəza hesab edilə bilməz: “Hər insan öz bədəninin hakimi və sahibidir. Bununla bağlı heç kim münasibət bildirə bilməz”.

Publika.Az türkiyəli yazarın etirazına azərbaycanlı yazarların mövqeyini öyrənib.

“Yeni Müsavat” qəzetinin köşə yazarı Sevinc Telmanqızı Ayşə Armanı Türkiyənin cəsarətli qadın yazarlarından hesab edir:

“Ayşə Armandan hər cür radikal, spontan addım gözləmək olar. Sonuncu etiraz növü də elə onun ruhuna, xarakterinə uyğundur. Etirazına diqqət çəkmək üçün bu üsuldan istifadə edib və diqqət çəkməyi də bacarıb.

İndi Türkiyə mətbuatında çox adam ondan danışır. Millət vəkillərinin, hökumət nümayəndələrinin dediyi fikirlərdən sonra diqqəti bircə hərəkəti ilə üzərinə çəkib. Aborta qarşı olmadığını, “mənim bədənim mənim qərarım” sözlərini çılpaq sinəsinə yerləşdirməklə ifadə edib.

Bunu başqa üsulla edə bilməzdimi? Edə bilərdi, amma onda da Ayşə Arman olmazdı. Hərə öz xarakterinə uyğun etiraz növündən istifadə edir. Əsas odu, məqsədinə nail oldu”.

Sevinc Telmanqızı belə aksiyaların Azərbaycanda tolerant qarşılanacağına inanmadığını da bildirib:

“Mən bunun mənfi effekt verəcəyini düşünürəm. Ümumiyyətlə, Azərbaycanda hansısa etiraz növünün effekt verdiyini görməmişik. Aclıq aksiyaları, mitinqlər, piketlər... heç biri işə yaramırsa, hansısa bir yazarın soyunması nəyi dəyişə bilər ki?”

Şair Sevinc el Sevər bu mövzunun və bu mövzuda danışmağın olduqca çətin, mürəkkəb məsələ olduğunu bildirib. O qeyd edib ki, Ayşə Arman “qadın öz bədəninin sahibidir” fikrində haqlıdır:

“Amma qadının bədənindəki də başqa bir candır. Onun da yaşamaq haqqı var. Əgər o, dünyaya uşaq gətirmək istəmirsə, bir neçə adda və bir neçə üsulda mövcud olan qorunma vasitələrindən istifadə edib hamilə qalmaya bilər.

Mən yazdığım bir neçə şeirdə aborta qarşı fikirlər səsləndirmişəm. Amma Azərbaycan demokratik inkişaf yolu tutub. Demokratik ölkələrdə də qadın arzuolunmaz hamiləlikdən istədiyi yolla azad ola bilir. Qadının haqqı var ki, uşağı dünyaya gətirib-gətirməmək məsələsinə qərar versin”.

Sevinc el Sevər hesab edir ki, bu məsələyə hər kəs öz mənəvi ölçüləri çərçivəsində yanaşmalıdır:

“Mənəvi dəyərlər aborta qarşıdır. Hər bir qadın öz dünyagörüşündən, baxış bucağından çıxış edərək bu addımı atır və ya atmır. Azərbaycanda durum bir qədər fərqlidir. Bu məsələyə yanaşmada feodal-patriarxal dəyərlər sistemi qalır.

Qız və oğlan uşaqları arasında ayrı-seçkilik qoyulur. Qadınlar çox vaxt ya ərlərinin, ya qayınanalarının, ya da cəmiyyətin basqısı səbəbindən qız uşaqlarını sürəkli şəkildə abort etdirmək məcburiyyətində qalırlar. Mən burada qadını günahkar görmürəm. Cəmiyyət özü günahkardır və cəmiyyətdə dəyişikliklər olmalıdır”.

Köşə yazarı Arzu Abdulla Ayşə Armanın mövqeyi ilə razı olduğunu deyib və məsələnin sosial-siyasi tərəflərinə daha çox diqqət çəkib. O qeyd edib ki, Türkiyə hökuməti bu gün qadınlara “uşağı dünyaya gətir, biz ona sahib ola bilərik” deyə bilər:

“Amma sahib ola bilirlərmi? Mənim Gülbən Ərgənin də mövqeyi çox xoşuma gəldi. O deyib ki, abortu qadağan etməkdənsə uşaqların sağlam dünyaya gəlməsi üçün şərait yaratsınlar.

Bu müzakirələri görəndə mənim yadıma Sibel Canın bir klipi düşdü. Klipdə Türkiyənin uzaq şərqində hamilə qadının yolların uzaq, buz bağlaması səbəbindən doğum evinə çatdırmağın mümkün olmadığı təsvir olunur.

Nəticədə körpə sağ qalsa da qadın tələf olur. İndi usagı saxla deyənlər bu problemləri həll edə bilirlərmi? Mən də o fikirdəyəm ki, hər kəs öz bədəninin sahibidir. Ümumiyyətlə, kiminsə bu işə qarışması, abortun qadağan olunması düzgün deyil”.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm