İran səfirliyi Azərbaycanla bağlı aşağılayıcı ifadə olan mətn yayıb
Bizi izləyin

Dünya

İran səfirliyi Azərbaycanla bağlı aşağılayıcı ifadə olan mətn yayıb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı mayın 29-da Azərbaycanla bağlı aşağılayıcı məlumat yayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin mayın 29-da Tehranda keçirdiyi brifinq barədə saytda yerləşdirilən məlumatda Azərbaycan dövləti əvəzinə "Bakı dövləti" ifadəsi işlənir.

Məlumatda deyilir:

"Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin bugünkü brifinqində "Ariya" İA –nin müxbiri bu sualla müraciət etmişdir: "Bakı dövləti İran Səfirliyinin etiraz bəyanatına baxmayaraq müqəddəslərimizi təhqir edən ünsürləri pisləməkdən çəkinmiş və ötən gün də ali rəhbərin nümayənsdəsinin bu ölkəyə daxil olmasına icazə verməmişdir. Xarici İşlər Nazirliyinin buna reaksiyası necədir?"

Bu sualın cavabında Mehmanpərəst demişdir: "Bundan öncə də bildirmişik ki, ola bilər, islam dünyasına qarşı çıxanlar, eləcə də sionist rejimi və fitnə salanlar region dövlətləri arasında xoş münasibətlərin olmasını heç bir vəchlə istəmirlər. Bu səbəbdan baş verən fitnələr qarşısında ayıq olmağa və müdriklik göstərməyə ehtiyac vardır".

O, əlavə etmişdir: "Biz Azərbaycan Respublikasının rəsmilərindən tələb etmişik ki, bu təxribatlarla əlaqədar ağıllı mövqe sərgiləsinlər, iki ölkə arasında mövcud olan atmosferin və xalqların hiss və duyğularının bizi bu qarşılıqlı xoş atmosferdən və tarixi və mədəni bağlılıqlardan faydalanmaq imkanından məhrum edə biləcək bir istiqamətə yönəlməsinə icazə verməsinlər".

Mehmanpərəst vurğulamışdır: "Bütün region ölkələri bugünkü həssas şəraiti nəzərə almalıdırlar. Dəyişikliklər dalğası inkişafdadır və müstəqilliyinə qovuşmaq arzusunda olan ölkələr bu prosesləri yaşamaqdadırlar".

O, sözünə davam edərək demişdir: "Belə bir şəraitdə sionist rejimin və onların qərbdən olan himayədarlarının yeganə xilas yolu fitnə və təxribatlar törətməklə bu rejimin xilası üçün imkan yaratmaqdan ibarətdir".

Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin demişdir: "Bizim tövsiyəmiz budur ki, fərdlərin hüquqları və mehriban qonşuluq əlaqələri çərçivəsində elə hərəkət edək ki, insanların hisslərinə toxunmayaq".

O, vurğulamışdır: "Müqəddəslərə hörmətsizlik etməyə kimsəyə əsla icazə verməyəcəyik, Bakı dövləti maksimum səy göstərməli, belə hərəkətlərə kəskin münasibət bəsləməli və onun səbəbkarlarını mühakimə etməlidir".

Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası rəsmilərindən istəmişdir ki, bu ölkədə baş vermiş son hadisələri diqqətlə araşdraraq dini müqəddsələrə hörmətsizlik edənlərə qarşı tədbirlər görsünlər və regionun ictimai rəyində mövcud olan atmosferin bu hərəktlər nəticəsində mənfiyə doğru dəyişməsinə imkan verməsinlər".

Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə münasibəti bəlli deyil.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm