Ağ Ev nümayəndəsinin sirli Bakı səfəri
Bizi izləyin

Dünya

Ağ Ev nümayəndəsinin sirli Bakı səfəri

ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Erik Bosvell dünən başlayan Bakı səfəri bu gün başa çatıb.

Səfirliyin mətbuat xidmətindən Publika.Az-a bildirilib ki, Erik Bosvell səfər zamanı ABŞ səfirliyinin əməkdaşları ilə görüş keçirib, təhlükəsizlik strukturları və Azərbaycan Xarici İşlər Nazirliyində görüşləri olub. Lakin səfər proqramı və görüşlərin detalları barədə nə səfirlikdən, nə də Xarici İşlər Nazirliyindən heç bir məlumat yayılmayıb. Həmçinin heç bir mətbuat konfransı keçirilməyib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev bildirib ki, səfər haqda özləri mətbuata məlumat verməyiblər. O, qeyd edib ki, görüşlər çərçivəsində gündəmdə olan bir sıra məsələlər müzakirə olunub.

Diplomatik təhlükəsizlik bürosu ABŞ Dövlət Departamentinin təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti birləşməsidir və təhlükələrin analizi, kibertəhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, insanların, əmlakın və informasiyanın mühafizəsi məsələlərinə cavabdehlik daşıyır.

"İnterfaks" agentliyinin səfər ərəfəsində yaydığı məlumata görə isə Erik Bosvell Bakıya səfəri zamanı İran xüsusi xidmət orqanlarının sifarişi ilə ölkədəki ABŞ və İsrail vətəndaşlarına qarşı terror aktları törətməyə hazırlaşan şəxslərin bir müddət əvvəl Azərbaycan təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilməsi məsələsinə də toxunmalı idi.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm