Novruzun gerçək mahiyyəti - ARAŞDIRMA
Bizi izləyin

Dünya

Novruzun gerçək mahiyyəti - ARAŞDIRMA

Ən qədim qaynaqların verdiyi məlumatlara görə, bəşəriyyətin ilk mədəniyyət və incəsənət elementləri - yazı, folklor, musiqi, poeziya, xalq teatrı, xalçaçılıq, sənətkarlıq, elmi-fəlsəfi biliklər, idman yarışları və s. məhz bu torpaqlarda təşəkkül tapıb.


Möhtəşəm mədəniyyət yaradan Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi misilsiz töhfələrdən olan Bahar bayramının mahiyyətini anlamaq o qədər də çətin deyil. Çünk, zəmanəmizdə məqsədli şəkildə bu bayramın təhrif edilməsi cəhdləri belə min illər boyu bu bayramı yaşadan xalqların gen yaddaşından onun dəyişməz ənənələrini silə bilməyib.

Son tədqiqatlara görə, yaşı 10 min ilə çatan bu bayramın ən yüksək səviyyədə Azərbaycanda qeyd edilməsi Odlar Yurdunun ta qədimdən yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlən əsas faktorlardandır.

Bəşəriyyətin ilk bayramı

Bahar bayramı haqda məlumatlara qədim Şümer mətnlərində, 10 min ilə yaxın yaşı olan ilk müqəddəs kitabda - Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, 5-6 min illik tarixə dayanan Dədə Qorqud dastanlarında və digər qədim mənbələrdə rast gəlinir.

Şərqşünas alim Aida İmanquliyeva Novruz bayramını məzmun baxımından şərti olaraq Mərkəzi Asiya, Ön Asiya və Şərqi Avropa olmaqla 3 qismə bölür. Mərkəzi Asiyaya Qazaxıstan, Sibir, Altay və Şimal-Qərbi Çin türkləri - uyğurlar daxildir.

Bu ərazidə əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları, "Ergenekon", "Manas" və başqa dastanlardan parçalar oxuyurlar.

Ön Asiya qisminə şərti olaraq Şərqi Anadolunu, Zaqafqaziyanı, cənubi Azərbaycanı və Özbəkistanı daxil etmək olar. Bu ərazidə bayramın keçirilməsində daha qədim ənənələr üstünlük təşkil edir.

Şərqi Avropa ərazisinə daxil olan türklər - qaqauzlar, Krım, Bolqariya, keçmiş Yuqoslaviya xalqları və başqaları Bahar bayramını müxtəlif şənliklər, mahnılarla qarşılayırlar.

Bahəddin Ögəl "Böyük Hun İmperiyası"nda Çin mənbələrinə əsasən yazır ki, hunlar miladdan əsrlərcə öncə 21 martda hazır yeməklərlə ormanlara çıxar, bahar şənlikləri düzənləyərdilər. Eyni adətlər hunlardan sonra uyğurlarda da olub.

Mifoloq-alim Seyfəddin Rzasoy qeyd edir ki, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır: "Alimlərimizin tədqiqatlarına görə, qədim turanlılarda bizim indiki Novruz bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu "tura" "törə"- "yaranma" sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur: "Novruz bayramı mərasimlərində "Kosam ikicanlıdır" ifadəsi işlədilir. Burada "ikicanlı olmaq" Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın ölməsi-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması deməkdir.

Əslində, bu təsəvvürlərin kökündə zamanın "ölüb-dirilməsi" durur. İlin axır çərşənbəsində zaman qurtarır. Mifoloji təsəvvürlərdə səthi zaman olmayıb. Novruz bayramında ilin olmaması, yəni konkret rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana mifoloji münasibətdir. Aydın olur ki, burada yaşadığımız tarixi zaman yoxdur. Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci, ikinci, üçüncü, bir sözlə, illərin sıralanması yoxdur, burada cəmi bir zaman var; o, ilin əvvəlində doğulur, böyüyür, qocalır, axırda da ölür.

Bunun da əsasında mifologiyamızdakı ölüb-dirilmə haqqındakı təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar.

Qabaqlar valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır. Novruz bayramının həmin ritualları indi də yaşayır".

Şumerlərdə Novruz izləri

Tədqiqatçı-jurnalist Aydın Mədətoğlu öz araşdırmasında yazır: "Bahar bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbə 5000 il bundan öncə yaşamış Kəngərlərə - Sumerlərə aiddir. Kəngərlər insanlıq tarixində ilk dəfə olaraq çivi yazısını icad etmiş, insan uyqarlığının təməl daşını atmışlar. Bahar bayramının mərasimləri və fəlsəfəsi haqqında ilk məlumat da onlara aiddir.

Şumerlərin oraya şimaldan - Azərbaycan ərazilərindən köçüb gəldiyi və dillərinin də türk dili ilə eyni dil qrupuna aid olduğu artıq Şumerşünas alimlərin demək olar ki, hamısı tərəfindən qəbul olunub.

Bəllidir ki, bayramlar da ilk olaraq dinlə bağlı meydana çıxıb. Şumerlərin dini inancları kimi onların bayramları da türk mifologiyasındakı bayramlar arasında bənzərliklər var. Həm Şumerlərin və həm də türklərin mifologiyasındakı bayramların ən önəmlisi Bahar bayramıdır.

Əslində Bahar bayramının fəlsəfəsinin özü "Yenidən doğuşdur". Şumerlər Bahar bayramına "Akitil" demişlər ki, sözdəki "Til" sözü "Yaşamaq, yenidən doğulmaq" anlamına gəlir. Akkadlar buna "Akitu" adı veriblər.

Məşhur alim Beqmırad Gəray özünün məşhur "Türkmənlər- Şumerlər" adlı əsərində göstərir ki, "Akitil" sözündəki "Til" sözü türk dilindəki "Diri", "Ki" sözü isə ""Kır" sözü ilə eyni kökdəndir.

Şumerlərdə yalnız ruhanilər tərəfindən keçirilən bayramlardan fərqli olaraq, bütün xalq tərəfindən keçirilən ən təntənəli bayramlardan biri Bahar bayramı "Akitil" idi. Bu bayramda şənliklər bütün gün boyu davam edər, sonda Tanrı ilə Tanrıcanın toy-düyünü ilə başa çatardı. Bayram günlərində müğənnilər, ozanlar şən mahnılar söyləyər, çalardılar".

"Novruz" sözü çox sonralar yaranmış bir fars kəlməsi olsa da, onun varlığı, bütün xüsusiyyətləri və xalq içərisində bir adət-ənənəyə çevrilməsi farsların tarix səhnəsinə çıxmasından çox-çox əvvələ aiddir.

A.Mədətoğlu öz tədqiqatında yazır: "Hələ farslar bu bölgəyə gəlməmişdən çox-çox qabaq bu bayram yazın başlanğıcı kimi, Azərbaycan xalqları tərəfindən qeyd edilmişdir. Birinci Sasani Şahı Ərdəşir Babəkan zamanından başlayaraq, fars şovinistləri Azərbaycan xalqının bütün müsbət və yararlı ənənələrini, o cümlədən də Novruzu özününküləşdirməyə çalışmış, lakin buna tam nail ola bilməmişdir. Çünki xalqımızın folklorunda klassik və müasir yazarların bədii əsərlərində, əfsanə və miflərində, məişətində bu bayram elə bir dərin iz buraxmışdır ki, nə qədər saxta tarixlər yazılsa da, nə qədər qadağalar qoyulsa da, onu bizim ruhumuzdan çıxarmaq mümkün olmamışdır".

Novruzun vətəni Azərbaycandır

Amazonların ilk qafqazlı tədqiqatçısı Nuridə Atəşi Novruzun tarixini Avestadan da, hətta Şumerlərdən də öncəki minilliklərə aparıb çıxarır: "Amazonların Qafqazda Ana xaqanlığı yaratdıqları zaman təxminən e.ə. 8-10 min illiklərdə təssərüfatla, əkinçiliklə məşğul olan qədim ulularımız yazda 3 (bəzi mənbələrdə 2 ay) dağlardan enərək Qarqar düzündə (Qarabağda) qarqarlarla baharın gəlişini bayram edirdilər.

Qafqaz və Azərbaycanın ərazilərindən tapılmış daş və sümük toxalar, daş dişli sümük oraqlar dənli bitkilərin ən qədim əkin yerlərinin Qafqaz olmasını göstərir. Qarqarlar təpəsində buğda dənəsinin izlərinə rast gəlinməsi, Qazax-Axstafa ərazisindəki Şomutəpədən, Töyrətəpədən və Baba Dərvişdən tapılmış 5-6 min il öncəyə taxıl dənləri, Qarqarlar təpəsində e.ə 5-4-cü minillərə aid edilən buğda dənəsi, Gürcüstandakı İmiris dağında qara məsgəndən e.ə. 5-4 minillərə aid amazon qadın heykəlciyinin qarnında sünbül işarəsi, Qobustan qaya rəsmlərində biçin prosesini göstərən hətta sünbül rəsmlərini ayırd edən qaya rəsmləri, "Yallı" rəqsi bu gün də tonqal ətrafında əl-ələ tutaraq edilən "Yallı" rəqsinin orada od yeri, tonqal yeri Novruzun açılmamış yeni səhifələridir.

Amazonların ilk tarixi mədəniyyətləri haqqında ilk kitab yazan Vyanalı tədqiqatçı Sir Galahat "Analar və Amazonlar" kitabında yazır: "Hər yaz açılanda bir prinsip olaraq amazonlar qonşu tayfa ilə evlənməyə başlayırlar".

Yunan tarixçisi Plutarx yazır: "Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu Omani adlanır".

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi şənliklər keçirilir.

Bütün bu adətləri Amazonlar getdikləri hər yerə aparıblar. Amazonların yaşamış olduqları bütün torpaqlarda bu gün Novruzun keçirilməsi heç də təsadüfi ola bilməz. Onların Qafqazdan baş alıb Qara dəniz sahilləri, Kiçik Asiyaya, Trakya, Suriya, Ərəbistan və Misirə axınları və məhz bu ölkələrdə bu gün də Novruzun bayram edilməsi məhz amazonların tarixi ilə onların irsi ilə bilavasitə qırılmaz tellərlə bağlıdır.

Böyük İskəndərin son Amazon olan Tallestrisin (N.Gəncəvi onu Nüşabə adlandırıb) görüşünə məhz bu ölkədə keçirilən ən önəmli bayram hesab edilən Bahar bayramının keçirildiyi gün gəlməsi bu müqəddəs bayramı bütün Şərq dünyasına bağışlayan ulu Qafqaz və Azərbaycan olduğu bir daha sübut edir.

Tədqiqatçıların çoxu Şərqin böyük hissəsində qeyd edilən Bahar Bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın dünyaya məhz buradan yayıldığı ehtimalı son dərəcə yüksəkdir.

İlaxır çərşənbə - "Danatma"

Günəşi qarşılamaq mərasimi...

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə 4 müqəddəs ünsürlə - su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə bərabər öz vücudunu da təmizləyərdi. Axırıncı - ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir. Həmin gecə hec kim yatmaz, çillə keçirər, Ulu Danı - müqəddəs Günəşi qarşılayardı.

Əski inanca görə, sonuncu çərşənbə gecəsi bir-birindən aralı düşmüş, su ilahəsi Anahıt və güc ilahəsi Tiştriya təzədən görüşür və bir-birinə qovuşurlar. Bu gecə vüsal gecəsi, insanın Tanrıya öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə yığışar, sözlə-sazla Tanrını mədh edərdilər.

Yazqabağı rituallar maddi dünyanın yaranmasında iştirak edən 4 müqəddəs ünsürlə - su, od, hava, torpaqla bağlıdır. Bu, dolayısı ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Azərbaycanda müqəddəs ilaxır çərşənbələri adı ilə keçirilən mərasimlər barədə ən qədim mənbələr məlumat verir. Müasir araşdırmalara görə, Bahar bayramı dünyanın ən qədim bayramı olmaqla köklü dini-fəlsəfi ehkamlara söykənib. Ərəb əsarəti, fars istilası dönəmlərində xalqımızın bir sıra qədim adət-ənənələrinə, dini-fəlsəfi biliklərinə mövhumat donu geyindirib yaddaşlardan silməyə cəhd edildiyi üçün Novruz və onun ilaxır çərşənbələrinin gerçək mahiyyəti folklorşünasların və etnoqrafların diqqətindən kənarda qalmışdı.

Əsrlər boyu düşmənlərimiz bu xalqın mədəniyyətinə, mənəviyyatına və tarixinə balta çalmağa çalışmış, onun gen yaddaşını belə itirməyə cəhd etmişlər. Amma bütün bunlara baxmayaraq, bu bayram Azərbaycan xalqının gen yaddaşında minillər boyu yaşadı və itirilmədi. Bu gün Novruz mərasimləri qədimdə olduğu kimi, ümümxalq bayramı kimi qeyd olunur. Azərbaycan xalqı isə bu bayramı ən əziz və müqəddəs bayram kimi çox yüksək səviyyədə qeyd edirlər.

Novruz mifoloji, kosmoqonik və

astronomik biliklərə əsaslanır

Məlumdur ki, 4 müqəddəs ünsürdən başqa, həm də Günəşə yüksək ehtiram bildirilir. Günəş qədim türk-ari sivilizasiyasının müqəddəs saydığı və Tanrının dünyanı yaratdığı zaman insan oğluna bəxş

etdiyi ən vacib səma cismidir. Ona görə də 4 müqəddəs ünsürə həsr olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və gecəylə gündüzün tam bərabərləşdiyi bu gün həm də Günəşə həsr olunurdu.

Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Avestaya görə, Zərdüşt Peyğəmbər də məhz martın 21-i gecesi doğulub. Məhz bu gün astronomik təqvim ili başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Elm isə yalnız son əsrlərdə sübut edə bilib ki, gecə-gündüz bərabərliyi və təbii qüvvələrin tam oyanması məhz həmin gecə baş verir.

Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və Təbiətin şəninə keçirilən mükəmməl mahiyyətli mərasimləri reallaşdiran, bunu minillər boyu yaşadan bir xalqın övladı olmaqla fəxr etməyə dəyər.

Görkəmli tarixçi və filoloq alimlərimiz Mirəli Seyidov, Elməddin Əlibəyzadə, Baloğlan Səfizadə və başqaları Novruzun mənşəyini çox-çox qədimlərə bağlayaraq qeyd edirlər ki, bu mərasimlər qədim dini biliklərə və yüksək mədəniyyətə əsaslanır və Tanrıya ibadət rituallari kimi keçirilirdi.

Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasindan ibarət ola bilməz. Çünki tarixi faktdır ki, xalqımız ta qədimdən zəngin dini-fəlsəfi bilklərə və tək Tanrıçılıq təliminə sahib olublar. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı öyrənəndə bu qənaətə gəlmək asan olur.

Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüşt dini ilə sıx bağlı olub və bu bağlılıq "Avesta"da da əks olunub. Bu, həm də təbiətin və insanın yaranma bayramı, Zərdüştün doğum bayramı, işığın - Ahuramazdanın qaranlığa - Əhrimənə qələbə bayramı və nəticədə günlərin (işığın) uzanması bayramıdır.

Tanrıya həsr olunmuş ən qədim bayram

Qədim ari sivilizasiyasına mənsub xalqlar Bahar bayramında və onun 4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrının ən güclü maddi enerjisı saydıqları Odun vasitəsilə Tanrıya Onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. (Bu sətirlərin müəllifinin bayramın bu əsas elementi - Odun vasitəsilə Tanrıya qansız qurban mərasimi ilə bağlı Tovuzda səhnələşdirərək çəkdiyi qısametrajlı televiziya filminə buradan baxa bilərsinis-

http://www.youtube.com/watch?v=29DDcVA5o2c)

Bayram mərasimlərində Tanrını vəsf edən mərasim nəğmələri oxunar, məbədlərdə böyük bayram tədbirləri keçirilərmiş. İmkansızlara yardlm edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm sürərmiş.

Fikrimizcə, bu mərasimlər ən qədim inancların, Tanrıya saf qəlbdən tapınmanın əyani nümayişi olaraq, maddi təbiətin 4 ünsürünün insan həyatında oynadığı əvəzedilməz rolun layiqli qiymətləndirilməsinə xidmət edir. Məhz bu səbəbdən 4 çərşənbənin hərəsi təbiətin bir ünsürünə həsr olunarmış.

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Od çərşənbəsində insanlar səhər tezdən hündür bir təpənin üstündə tonqal qalayar və həmin tonqalın dövrəsinə toplaşaraq Günəşin doğmasını gözləyərmişlər. Elə ki, Günəş doğdu, hamı xorla təbiətin bu "odlu qızı"nı salamlayan "Qodu xan" nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər. Tonqalın başına fırlandıqca oxuyarmışlar:

Ey Qodu xan, Qodu xan,

Yandır bizim odu, xan!

At üstə qod gətir,

Ulusa od gətir

Sözü bal, Qodu xan,

Özü al Qodu xan.

Torpaq çərşənbəsində həm də qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu cür səhnələr bizə Dədə Qorqud dastanlarından tanışdır. Amma təəssüf ki, bəzi qədim rituallara indi az yerdə təsadüf olunur.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim türk dini-fəlsəfi biliklərinə əsasən, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür. Türklərdən fərqli olaraq ərəblərdə ən uğurlu gün cümə axşamı, xristianlarda isə İisus Xristos dirilən gün - bazar günüdür.

Mənəviyyat və humanizm bayramı

Novruzun nə dərəcədə sülh, humanizm, mərhəmət bayramı olması onun süfrəsindən də aydın olur. Novruz süfrəsində ət yeməkləri olmamalıdır - yəni, qan tökülməməli, heç bir canlı qida məqsədilə öldürülməməlidir. Bu bayramda nəinki insanlar daha mehriban olmalıdır, həm də heyvanlara qarşı mərhəmət göstərilməlidir.

Novruzun öz spesifik süfrəsi var. Burada əsasən bitkilərdən hazırlanmış 7 növ qida məhsulu süfrəyə verilir. Bu yeməklərin şahı təbii ki xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr, şirnilər, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır.

Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir. Novruz xonçası düz süfrənin ortasına qoyulur. Xonçanın mərkəzində isə bu bayramın əsas atributlarından biri olan Səməni olur. Səməninin şər qüvvələri evdən qovduğuna və şadlıq gətirdiyinə inanan xalqımız onu süfrənin ən şərəfli yerində qoyur. Səməninin ta qədimdən bəri Azərbaycan xalqının müqəddəs rəng hesab etdiyi qırmızı rəngli sarğı ilə əhatələnməsi də təbiidir. Qırmızı Tanrıya sevginin, müsbət enerjinin, xeyir quvvələrin və toy-bayramın rəngidir.

Çox təəssüf ki, minilliklər keçdikcə bəzi qədim bayramlarımız və digər mədəniyyət elementlərimiz unudulub, yaddan çıxıb. Məsələn, oktyabrın 8-i Xvarna (bolluq-bərəkət) bayramıdır, amma bu bayramı çox təəssüflər olsun ki, hazırda qeyd etmirik.

Professor Azad Nəbiyev deyir ki, bayramlar xalqın ritual və mərasim folklorunun ən əsas göstəricisidir. 40-a yaxın bayramı olan xalqımızın tamam unudulmuş mərasimləri də var, unudulmaqda olanı da: "Hələlik milli bayramlarımızın 3 tipindən danışmaq mümkündür. Birincisi, mövsüm mərasimləri, yəni, əmək həyatının başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını əks etdirənlərdir, üçüncüsü isə dini bayramlardır.

Birinci qrupa daxil olan bayramlar əsasən, Xıdır Nəbi ilə başlayıb Gül, yaxud Güləkən bayramı ilə başa çatır. 20-yə qədər belə bayramların ən böyüyü Novruzdur. Xıdır Nəbi bayramı türk tayfalarının bir sıra başqa bayramları kimi bolluq, firavan yaşayış etiqadları ilə bağlı meydana gəlib. Bu bayramda əski inanclarımız, ulu əcdadlarımızın təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik və yarımmifik dünyagörüşü əks olunub. Həmin bayramda təbiətin müqəddəs ünsürlərinə inam və etiqad əks olunur".

Bütün bu bayramların, adət-ənənələrin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzun bütövlüyünü özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Yəni, Tanrının xeyir və şər enerjisi arasındakı mübarizədə hansı tərəfin qalib gəlməsi insanların özündən asılıdır.

Səməd Vurğunun kəndində

ən unikal Novruz mərasimləri

Bahar bayramının atrubutları da zəngindir - "Atıl-Batıl", "Kosa-kosa", "Yeddiləvin", "Səməni",

"Cıdır", "Od qalama və üstündən atılma", "Axar su başına getmə və su üstündən atılma", "Evə təzə il suyu gətirmə", "Qulaq falına çıxma" və s. kimi adətlər bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmaqdadır.

Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püsk aparır, qonaq gedir, bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər zorla olsa da, barışdırılır.

İnsanlar çərşənbə və böyük bayram axşamı məşəllərlə və toy-bayramla çöllərə çıxır, elliklə gəzinti keçirir, şənlənirlər. Cavanlar evlərin qapısına papaq atırlar, ev yiyəsi də onların bayram payını qoyur papağın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki, saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhləşləşdirilməsidir.

Maraqlı bir məsələ də Novruz deyimləri ilə bağldır.

Dərvişlər, ay dərvişlər

Haqq üzünü görmüşlər

Verin bizim payımızı

Aparaq verək ustada

Ustad yesin ad eləsin

Tanrı sizi şad eləsin.

Təkcə bu bənd göstərir ki, ta qədimdən Tanrı aşiqləri adlanan dərvişlər diyar-diyar gəzib Tanrıya sevgi təbliğ edər, insanlara ruhi biliklər bəxş edər, məbədlərdə ibadət və elmlə məşğul olan ustadlara - maqlara xalqdan bayram payı aparırlarmış. Ustad bu payı qəbul edib ad verirmiş. (Burada Dədə Qorqud dastanı yada duşur.) İnama görə, ruhani ustadı sevindirməyə və ona xidmətə görə Tanrı o pay sahibini şad edərmiş.

Yeri gəlmişkən, hazırda Novruzun ən qədim koloritləri, zəngin adət-ənənələri ilə birlikdə keçirilməsinə Səməd Vurğunun doğulduğu kənddə - Qazax rayonunun Yuxarı Salahli kəndində rast gəlmək olur. Bahar bayramı martın 21-dən 22-nə keçən gecə bu kənddə o qədər maraqlı adətlər və zəngin ənənələrlə keçirilir ki, sanki qədim dövrlərə düşmüsən. Hər il buraya ölkəmizin hər yerindən qonaqlar gəlir ki, bu gecəni canlı seyr etsinlər.

Sovet dövründə Novruz

bayramı qadağan imiş?

Novruz bayramı Azərbaycanda ilk dəfə Sovet hakimiyyəti zamanı rəsmi dövlət bayramı elan edilib. Belə ki, Sosialist Respublikanın banisi Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz bayramı 1921-ci ildə dövlət səviyyəsində qeyd edilərək həmin gün qeyri iş günü elan edilib.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilib və yalnız sözügedən tarixdən sonra rəsmi dövlət bayramları siyahısından cıxarılılıb. Ermənilərin davamlı təbliğatı ilə bunu dini bayram kimi göstərirdilər, o üzdən SSRİ öz ideologiyasının ziddinə gedib dini bayramı dövlət bayramı kimi rəsmiləşdirə bilməzdi. Lakin sonradan xalqımızın qeyrətli oğulları, xüsusiən də Şıxəli Qurbanov bunun belə olmadığını sübut edə bildi və Bahar bayramı yenidən dövlət səviyyəsində keçirildi.

Müəyyən müddət dövlət bayramı kimi keçirilməsə də, xalq bu bayramı həmişə açıq şəkildə, hec kəsdən gizlətmədən qeyd edilib...

Novruz bayramı ari sivilizasiyasına məxsus elə zəngin xəzinədir ki bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm