Putin “ildırımsürətli müharibə” planını işə saldı
Bizi izləyin

Dünya

Putin “ildırımsürətli müharibə” planını işə saldı

Ukraynanın Donetsk şəhər aeroportu uğrunda növbəti döyüşlər baş verib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk aeroporta hücum edən separatçıların itkilər verdiyini bildirib.

Dmitri Tımçukun sözlərinə görə, iki “kadırovçu” əsir götürülüb. Onların Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları olduğu deyilir.

Hərbi ekspert Donbas hövzəsində son günlər Rusiya hərbçiləri və separatçıların aktivləşdiyini qeyd edib. O, aktivləşmənin xüsusi olaraq Donetsk aeroportu, Avdreyevka, Qorlovka, Debaltsevo və Luqansk istiqamətində qeydə alındığını vurğulayıb.

Dünən isə Donbaş hövzəsində atəşkəs müqaviləsinin imzalandığı 5 sentyabr tarixindən sonra ən qanlı hadisə baş verib. Donetsk vilayətinin Volnovaxa rayonunda içində dinc sakinlərin olduğu avtobusun separatçılar tərəfindən artilleriya atəşinə tutulması nəticəsində 13 nəfər dinc sakin ölüb. Ukrayna prezidenti Pyotr Poroşenko səfərbərlik elan edib. Prezident vurğulayıb ki, bu gün səfərbərliyin növbəti dalğası haqqında fərman imzalayacaq. “Ukrayna öz torpağını müdafiə etməyə hazırdır. Sentyabr ayından keçən müddət ərzində biz gücümüzü artırdıq. Hər həftə yüzlərlə silah və hərbi texnikanı qoşunların istifadəsinə veririk”, - Poroşenko deyib.

Pyotr Poroşenko bildirib ki, Avropa Parlamenti cümə axşamı keçiriləcək iclasında Avropa Birliyinin rəhbərliyini “DXR” və “LXR” adlandırılan qurumları terror təşkilatları siyahısına daxil etməyə çağıracaq.

Ukraynalı ekspertlər isə Qərbin sanksiyalarından sonra Kremlin “Novorossiya” layihəsində dəyişiklik etdiyini iddia edirlər. İki gün əvvəl “5 kanal”ın efirində danışan ukraynalı jurnalist-ekspert Pyotr Şuklinov bildirib ki, Putin aktiv hücum əməliyyatları ilə ssenarisinin icrasını sürətləndirməyə qərar verib.

Onun sözlərinə görə, Rusiya resursların tükəndiyini anlayaraq prosesi sürətləndirmək niyyətindədir. Jurnalist qeyd edib ki, separatçılar yeni il ərəfəsində gün ərzində 30 dəfə atəşkəsi pozurdusa, hazırda bu rəqəm təxminən 60-a qədər yüksəlib: “Moskva aktiv hücum əməliyyatlarına hazırlaşır. Biz əvvəl hesab edirdik ki, bu, yazda olacaq, amma artıq proseslər başlayır. Putin anlayır ki, Kremldə yazılmış ssenarini sürətləndirmək lazımdır. Vaxt azdır, resurslar tükənir, daha sürətlə hərəkət etmək lazımdır”.

Ukraynalı jurnalist həmçinin hesab edir ki, Kreml hakimiyyəti toqquşma zonasını genişləndirmək üçün Odessa, Xarkov, Zaporojye və Xerson vilayətlərində vəziyyəti gərginləşdirməyə çalışacaq. Dünən sərnişin avtobusunun artilleriya atəşinə tutulması, Donetsk aeroportu uğrunda döyüşlərin güclənməsi və atəşkəs pozuntuların artması ukraynalı ekspertlərin, həmçinin Pyotr Şuklinovun iddialarına şübhə yeri qoymur.

Xatırladaq ki, Fransa, Rusiya və Ukraynadan ibarət olan “Normandiya formatı”nın 15 yanvar tarixində Astanada keçirilməsi planlaşdırılan görüşü baş tutmayıb. Görüş qeyri-müəyyən vaxta – bir neçə həftəliyə təxirə salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm