İkinci “Qızılgül inqilabı”? – Saakaşvili “Gürcü arzusu”na vaxt verdi
Bizi izləyin

Dünya

İkinci “Qızılgül inqilabı”? – Saakaşvili “Gürcü arzusu”na vaxt verdi

Ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən və qiyabi həbs cəzasına məhkum edilən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili vətənə qayıtmağa hazırdır. “Batumi Tower” göydələninin satışı ilə bağlı Gürcüstanın rəhbərliyinin planlarını şərh edən Saakaşvili bildirib ki, İvanişvili komandası parlament seçkilərinin keçiriləcəyi 2016-cı ilə qədər hakimiyyətdə qalmayacaq.

Mixeil Saakaşvili ötən ay onu doğum günü münasibətilə təbrik edənlərə təşəkkürünü bildirərkən ölkəyə qayıdacağı tarixi açıqlamışdı: “Doğum günüm ilə əlaqədar təbriklərə görə hamı sağ olsun. Gələn il Gürcüstanda görüşəcəyik. Mən vətənə qayıtmağa hazıram… Dünyada siyasi şəraiti dəyişir, Rusiya zəifləyir, amma Gürcüstanın partnyorları güclənirlər. Bizim xalqımız 2016-cı ildə keçiriləcək parlament seçkilərinə qədər düzgün seçim edəcək".

Sabiq prezident Gürcüstan rəhbərliyini Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək göstərməməkdə ittiham edib: “Bu, çox təəccüblüdür. Çünki Gürcüstan və Ukraynanın bir ümumi düşməni var. Bu düşmən Rusiyadır. Bundan başqa, hakimiyyət bizi (Saakaşvilinin lideri olduğu "Vahid milli hərəkat” partiyası – Ö.D.) keçmiş gürcü hərbçilərinin Ukrayna müharibəsinə göndərilməsini təşkil etməkdə ittiham edir. Amma özləri yüzlərlə gürcü müsəlmanın Yaxın Şərqə müharibəyə getməsinin qarşısını almağa təşəbbüs etmirlər. Halbuki, Ukrayna 2008-ci ilin avqustundakı müharibədə Gürcüstana kömək edirdi”.

Xatırladaq ki, ötən ilin son günlərində Gürcüstanın baş naziri İrakli Qaribaşvili Mixeil Saakaşvilinin ölkəni Rusiya ilə daha bir müharibəyə cəlb etmək istədiyini deyib. Baş nazirin sözlərinə görə, keçmiş prezident Saakaşvili düşmən və satqıncasına hərəkət edərək Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələrini Ukraynada döyüş əməliyyatlarına qoşulmağa çağırır.

Saakaşvilinin çıxışına Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili reaksiya verib. Suriyada vuruşan yüzlərlə gürcüstanlı ilə bağlı şərhlərinə cavab olaraq prezident Saakaşvilidən xahiş edib ki, təhlükəsizlik baxımından Gürcüstan üçün strateji əhəmiyyətli mövzularda siyasi oyunlara son qoysun: “Çünki bu, bizim ölkəmiz üçün çox əhəmiyyətlidir. O, sabitlik və dövlət maraqlarına zərər verməmək üçün öz diqqətini başqa məsələlərə yönəldə bilər”.

Ekspert dairələrində də sabiq prezidentin Gürcüstana qayıtması barədə vədi diqqətdən kənarda qalmayıb. Onların fikrincə, bunun üçün Gürcüstanda ciddi dəyişikliklərin həyata keçirilməsi lazımdır. Belə ki, əgər Saakaşvili indi qayıtmağa qərar verərsə, qayıdan kimi dəmir barmaqlıqlar arxasında olacaq.

“Düşünmürəm ki, bunun üçün ölkədə vəziyyət yetişib. Amma 2016-cı ildə keçiriləcək parlament seçkiləri indiki hakimiyyət üçün məyusluqla başa çata bilər”, - Qafqaz Regional Təhlükəsizlik İnstitutun rəhbəri Aleksandr Ruseski Rusiyanın “Nezavisimaya Qazeta” nəşrinə deyib.

Politoloqun fikrincə, Gürcüstan əhalisində iqtidardakı “Gürcü arzusu” ilə bağlı məyusluq gözə çarpır və bu məyusluq artmaqda davam edir: “Eyni zamanda, ciddi informasiya resurslarına malik olan müxalifətdəki "Vahid milli hərəkat” son dərəcə savadlı hərəkət edir. Çox güman ki, indiki bölgü kəskin dəyişməyəcək və elektorat “Gürcü arzusu” ilə "Vahid milli hərəkat” arasında seçim edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm