Ata qızının qatilini qətlə yetirdi, ömürlük həbs edildi
Bizi izləyin

Dünya

Ata qızının qatilini qətlə yetirdi, ömürlük həbs edildi

9 yaşlı qızını avtomobillə vurub öldürən şəxsi qətlə yetirən ata məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2012-ci ildə Diyarbakırın Lice mahalında baş vermiş yol nəqliyyat hadisəsi zamanı 50 yaşlı Sülhəddin Dağdelen idarə etdiyi avtomobillə Ruken Ekinci adlı qızı vurub.

Nəticədə, 9 yaşlı qız olay yerində dünyasını dəyişib. Sürücü isə qızı xəstəxanaya aparmaq əvəzinə, onu yolun ortasında tərk edib, hadisə yerindən qaçıb. Bundan 2 ay sonra isə Rukenin atası Ferdi Ekinci ticarət mərkəzində təsadüfən qızının ölümünə səbəb olan sürücü ilə qarşılaşıb. Ata dərhal onu yaxalayıb və polisə təhvil verib.

Məhkəmə qarşısına çıxarılan Sülhəddin Dağdelen 2 ay həbsxanada yatdıqdan sonra hakimin qərarı ilə sərbəst buraxılıb. Bu isə qızını itirmiş atanı özündən çıxarıb. Baş vermiş hadisədən 10 ay sonra – 14 may 2013-cü il tarixdə həyat yoldaşı və 2 qızı ilə birlikdə Diyarbakır Uşaq Xəstəxanasına gələn sürücü orada yenidən Rukenin atası Ferdi Ekinci ilə qarşılaşır. Anidən qızının qatilini qarşısında görən ata cibindəki bıçaqla ona hücum çəkir. Bıçaq zərbəsi alan Sülhəddin Dağdelen elə xəstəxanada dünyasını dəyişir. Tibb müəssisəsinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanan Ferdi isə polisə təhvil verilib.

Qeyd edək ki, məhkəmə qarşısına çıxarılan ata Ferdi Ekinci ifadəsində Sülhəddin Dağdeleni öldürmək niyyətinin olmadığını bildirib: «O, maşınla qızımı vurub, daha sonra onu xəstəxanaya aparmaq əvəzinə hadisə yerindən qaçıb. Olaydan bir müddət sonra Sülhəddin Dağdelenlə ticarət mərkəzində qarşılaşdıq. O, məni gördükdə qaçmaq istədi. Yaxalayıb polisə təhvil verdim. Lakin qısa müddət həbsdə yatdıqdan sonra sərbəst buraxıldı. Hadisə baş verdiyi gün onu uşaq xəstəxanasında gördüm. Mənə baxıb gülürdü. Bu mənzərəni gördükdə özümü cilovlaya bilmədim. Ağlımı itirmişdim. Bıçaqla ona bir neçə zərbə endirdim. Onu izləməmişdim. Həmin vaxt ölmüş qızım Ruken ağlıma gəldi. Məqsədim öldürmək olmayıb».

Lakin buna baxmayaraq, məhkəmə 9 yaşlı qızının qatilini qətlə yetirən atanın intiqam aldığını əsas gətirərək onun ömürlük azadlıqdan məhrum edilməsilə bağlı qərar verib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm