Kosovodan Avropaya gedənlərin sayı çoxalır
Bizi izləyin

Dünya

Kosovodan Avropaya gedənlərin sayı çoxalır

Almaniyanın Miqrasiya və Qaçqınların İşləri üzrə Federal İdarəsinin (BAMF) rəsmi məlumatına görə, Almaniyada sığınacaq almaq üçün sorğuların sayına görə Kosovo sakinləri 2015-ci ilin yanvarında ikinci yeri tutub.

Daha çox ərizə yalnız suriyalılar verib. Müqayisə üçün deyək ki, bütövlükdə ötən il 7 min kosovalı AFR-də sığınacaq istəyib. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin altı həftəsi ərzində ölkəyə 18 min Kosovo vətəndaşı gəlib.

Son iki ayda təkcə Kosovonun paytaxtı Priştinadan hər axşam şimala ona qədər avtobus yola düşür. Bu avtobuslarda bütün yerlərə biletlər satılmış olur. Eyni mənzərə Kosovonun demək olar hər bir şəhərində müşahidə olunur. Avtobuslar heç bir problem olmadan Serbiya sərhədindən keçir, halbuki Belqrad Kosovo pasportlarını hələ də tanımır. Kosovonu tərk edənlərin məqsədi Serbiya-Macarıstan sərhədində yerləşən Subotits şəhərciyinə çatmaqdır.

Bu şəhərdə minlərlə Kosovo sakini qaçaqmalçıların və korrupsiyaya qurşanmış polislərin köməyi ilə Şengen sərhədindən piyada keçir. Kosovodan gedənlərin məlumatına görə, bu, orta hesabla adambaşına təqribən 200 avroya başa gəlir. Kosovolu miqrantlar Macarıstan polisinin əlinə keçəndə, onlar Macarıstandan sığınacaq istəyirlər. Lakin həqiqətdə onların əsas məqsədləri Almaniya, Avstriya, yaxud Skandinaviya ölkələrinə getməkdir.

Kosovoda məktəblərin çoxu siniflərin sayını azaltmaq məcburiyyətində qalıb, çünki təkcə iki ay ərzində ölkəni 5 mindən çox məktəbli tərk edib. Müəllimlər işsiz qalır, Priştina küçələrində və restoranlarında əvvəlki kimi qələbəlik müşahidə olunmur.

Cəmi 1,8 milyon sakini olan ölkə üçün belə mühacirət xüsusilə faciəlidir. Minlərlə Kosovo sakininin Qərbə köçüb getmək istəyinin əsas səbəbləri isə yoxsulluq, perspektivsizlik, korrupsiyaya qurşanmış siyasət və Almaniya, Avstriya və digər ölkələrdə hər şeyin daha yaxşı olacağına inam hissidir. Kosovoda işsizliyin səviyyəsi 45 faizi üstələyir. Ölkə sakinlərinin üçdəbir hissəsindən çoxu yoxsuldur. Onların gündəlik gəliri 1,42 avrodan azdır. Kosovo sakinlərinin 18 faizi hər gün 94 sentdən az qazanır. Miqrantlar arasında orta zümrənin nümayəndələri də var. Onlar ölkəni tərk etmək üçün hətta nisbətən yaxşı iş yerlərindən imtina etməyə hazırdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm