Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları

Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları

İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasının (GKRY) yüksək səviyyəli təhlükəsizlik rəsmiləri Afinada üçtərəfli qapalı görüş keçiriblər.

Publika.az xəbər verir ki, İsrailin “Emess” nəşri toplantını “Türkiyəyə qarşı cəbhə: Mövqelər koordinasiya edilir” başlığı ilə təqdim edib.

Məlumata görə, noyabrın 5-də keçirilən görüşdə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, dəniz nəqliyyatı marşrutlarının və enerji infrastrukturunun təhlükəsizliyi müzakirə olunub.

Tərəflər birgə müdafiə sistemlərinin hazırlanması, ortaq istehsalın və texnoloji əməkdaşlığın artırılması imkanlarını dəyərləndiriblər. Həmçinin üçtərəfli müdafiə sənayesi üzrə işçi qrupunun yaradılması məsələsi gündəmə gətirilib.

Görüşün diqqətçəkən mövzularından biri isə Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinin delimitasiyası haqqında memorandum olub. Liviya Nümayəndələr Palatasının oktyabrın 20-də sazişi yekdilliklə təsdiqləməsindən sonra İsrail, Yunanıstan və GKRY bu razılaşmaya yenidən qarşı çıxıblar.

Görüşdən sonra yayımlanan birgə bəyanatda Kiprin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb. Həmçinin region ölkələrinin ərazilərinin regional təhlükəsizliyi təhdid edən əməliyyatlar üçün baza kimi istifadə edilməməli olduğu bildirilib.

İsrail mətbuatının Türkiyəyə qarşı birgə cəbhə formalaşdırılması kimi təqdim etdiyi görüş Şərqi Aralıq dənizində artan geosiyasi rəqabəti bir daha gündəmə gətirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm