Saakaşvili: “Gürcüstana hakimiyyətə qayıdıram”
Bizi izləyin

Dünya

Saakaşvili: “Gürcüstana hakimiyyətə qayıdıram”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz silahdaşları ilə ölkəyə qayıdacağını və bir il sonra keçiriləcək parlament seçkilərində iştirak edərək qalib gələcəyini bəyan edib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə sabiq prezident Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində bildirib.

Saakaşvili onun və tərəfdarlarının Gürcüstanda dövlət çevrilişi etmək niyyətində olması barədə bir sıra KİV və siyasətçilərin səsləndirdiyi iddiaları təkzib edib: “Biz seçkilər yolu ilə hakimiyyətə qayıdacağıq”

Keçmiş prezident Gürcüstanda bu gün baş verənləri faciə adlandırıb. “İndiki hakimiyyət ölkəni yoxsulluq həddinə qədər çatdırdı” deyən Saakaşvili uğursuzluqları hakimiyyətin Rusiya oriyentasiyası ilə izah edib. Saakaşvili əmindir ki, Gürcüstanın gələcəyi Ukraynada baş verənlərdən çox asılıdır.

Xatırladaq ki, sabiq prezident ötən ilin dekabrında da ölkəyə qayıdacağını bildirib. Saakaşvili onu doğum günü münasibətilə təbrik edənlərə təşəkkürünü bildirərkən ölkəyə qayıdacağı tarixi açıqlamışdı: “Doğum günüm ilə əlaqədar təbriklərə görə hamı sağ olsun. Gələn il (bu il – Ö.D.) Gürcüstanda görüşəcəyik. Mən vətənə qayıtmağa hazıram… Dünyada siyasi şəraiti dəyişir, Rusiya zəifləyir, amma Gürcüstanın partnyorları güclənirlər. Bizim xalqımız 2016-cı ildə keçiriləcək parlament seçkilərinə qədər düzgün seçim edəcək".

Saakaşvili bildirib ki, İvanişvili komandası parlament seçkilərinin keçiriləcəyi 2016-cı ilə qədər hakimiyyətdə qalmayacaq.

Dünən isə Gürcüstanın Baş prokurorluğu ölkə ərazisində axtarışda olan şəxslərin, xüsusilə sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyanı Ukraynadan xahiş edib.

Qeyd edək ki, Mixail Saakaşvili hazırda Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm