Yanukoviçin adamı Kiyevdə həbs edildi
Bizi izləyin

Dünya

Yanukoviçin adamı Kiyevdə həbs edildi

Ukrayna Ali Radasının Regionlar Partiyasından olan keçmiş deputatı Mixail Çeçetov həbs edilib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, Kiyevin Peçerski rayon məhkəməsi keçmiş deputat barəsində ikiaylıq həbs qəti-imkan tədbiri seçib.

Məhkəmə Çeçetovun 5 milyon qrivna qarşılığında azadlığa buraxıla biləcəyini bildirib. Keçmiş deputat isə onda bu qədər pulun olmadığını deyib.

Çeçetov sui-istifadədə və vəzifə saxtakarlığında ittiham edilir. O, 16 yanvar 2014-cü ildə parlamentdə səsvermə haqqında cinayət işinin əsas fiqurlarındandır. Belə ki, Çeçetov həmin vaxt Ali Radada “diktator qanunları” paketinin səsverməsində səsləri hesablayanlardan biri olub. O, səslərin hesablanması komissiyasının üzvü idi.

Çeçetov isə ittihamları qəbul etmir. “Mən səslərin hesablanması ilə məşğul olmurdum. Mən sadəcə artıq verilən səsləri protokollaşdırırdım”, - keçmiş deputat “Twitter”dəki mikrobloqunda yazıb.

Ötən ilin dekabrında Ukrayna Baş prokurorluğu Ali Radanın iki keçmiş deputatının axtarışını elan edib. Bunlar kommunist Vladimir Oleynik və Regionlar Partiyasının üzvü İqor Kaletnikadır. Onlar da ötən ilin 16 yanvar tarixində parlament səsverməsini saxtalaşdırmaqda ittiham olunurlar. Hesab edilir ki, Kaletnika və Oleynika hələ səsvermənin keçirilməsinə qədər protokolları doldurub.

Xatırladaq ki, “diktator qanunları” adlandırılan tənzimləmələr mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirir, ekstremist fəaliyyət üçün cinayət məsuliyyətini müəyyən edirdi. Sözügedən dəyişikliklər Maydan etirazların yeni mərhələsinin başlanmasına səbəb oldu və 6 günlük qanlı toqquşmalar Viktor Yanukoviçin qaçması ilə nəticələndi. On sonra isə qəbul edilmiş 12 qanundan 9-u ləğv edildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm