Kim düz danışır: Netanyahu, yoxsa MOSSAD?
Bizi izləyin

Dünya

Kim düz danışır: Netanyahu, yoxsa MOSSAD?

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı haqqında dünya cəmiyyətinə yalan məlumat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin kəşfiyyat xidmətinin (MOSSAD) sənədləri baş nazirin BMT tribunasından verdiyi məlumatın həqiqəti əks etdirmədiyini ortaya qoyur.

Benyamin Netanyahu 2012-ci ilin sentyabr ayında BMT-nin tribunasından çıxışı zamanı beynəlxalq cəmiyyəti inandırmağa çalışırdı ki, İranın nüvə bombası əldə etməsinə bir il qalıb. Halbuki baş nazirin fikirləri İsrail xüsusi xidmət orqanların həmin vaxt malik olduğu məlumatlara ziddir. Netanyahu beynəlxalq cəmiyyəti BMT-nin tribunasından İranın nüvə silahına sahib olmasına mane olmağa çağırırdı. O, özü ilə BMT tribunasına İranın əldə etməyə çalışdığını iddia etdiyi nüvə bombasının sxematik şəklini çıxarmışdı. Şəkildə göstərilirdi ki, İran nüvə silahı əldə etməsi üçün işlərin 90 faizini yerinə yetirib.

Bundan bir neçə həftə sonra İsrail kəşfiyyatı ABŞ üçün məxfi məruzədə bildirib ki, İran nüvə silahının istehsalı üçün heç bir hərəkətə təşəbbüs etmir. Bu sənəd reallıq ilə israilli siyasətçilərin ritorikası arasında nə qədər böyük fərqin olduğunu göstərir.

Kəşfiyyat məlumatları ilə siyasətçilərin fikirlərində ziddiyyətlərin olması barədə informasiyaların ortaya çıxması İsrail və ABŞ arasında münasibətlərin soyuqlaşdığı bir vaxta təsadüf etməsi dıqqət çəkir. Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, Ağ Evdə ehtiyat edirlər ki, Netanyahunun fitnəkar ritorikası onsuz da ləng irəliləyən İranın nüvə proqramı üzrə danışıqların gedişatına mənfi təsir edə bilər. Qeyd edilir ki, ABŞ prezidenti Barak Obama Benyamin Netanyahunu Vaşinqtona edəcəyi səfəri zamanı qəbul etməyəcək.

Bir neçə gün əvvəl məlum olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) MAQATE-də İranın nüvə proqramı haqqında yanlış təsəvvürü formalaşdırmağa çalışıb. Əməliyyatın detalları Ceffri Sterlinqin işi üzrə məhkəmə prosesinin gedişatında üzə çıxıb. Ceffri tam məxfi informasiyanı, həmçinin İranın nüvə proqramının dayandırılması üzrə Amerika xüsusi xidmət orqanlarının əməliyyatı haqqında informasiyaları yaymaqda ittiham olunur.

“Bloomberg” xəbər agentliyi iki Qərb diplomatına istinadən bildirir ki, Beynəlxalq Atom Agentliyi (MAQATE) İranın nüvə proqramı ilə bağlı qiymətləndirməsini yenidən gözdən keçirməyə məcbur ola bilər. Sirr deyil ki, MAQATE-nin mütəxəssisləri İranın nüvə proqramı ilə bağlı hesabatlarını əksər hallarda müxtəlif ölkələrin, əsasən İsrail kəşfiyyatın informasiyalarına əsaslanaraq hazırlayırdı.

MOSSAD-ın məxfi sənədləri isə “The Spy Cables” layihəsi çərçivəsində Qətərin “Əl-Cəzirə” telekanalı və “The Guardian” qəzetləri tərəfindən üzə çıxarılıb. Telekanal və qəzet MOSSAD-dan başda Mİ6 (Britaniya), Rusiya Federal Təhlükəsizlik Xidməti, ASIO (Avstraliya) və SSA (Cənubi Afrika) kimi xüsusi xidmət orqanlarının gizli sənədlərini dərc etməyi planlaşdırır. Bildirilir ki, agentlərin kimliyinin açıqlanmaması üçün həmin sənədlərdə bəzi redaktələr ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm