Nazarbayevin keçmiş kürəkəninin qanında zəhərli maddə tapıldı
Bizi izləyin

Dünya

Nazarbayevin keçmiş kürəkəninin qanında zəhərli maddə tapıldı

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avstriya həbsxanasında ölən keçmiş kürəkəni Rahat Əliyevin qanında barbiturat (zəhərli maddə) maddəsi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə ekspertizanın nəticələrinə əsasən, Avstriya Baş prokurorluğu bildirib.

Xəbərdə qeyd olunur ki, barbiturat maddəsi Avstriyada praktik olaraq tamamilə qadağan edilib. Baş prokurorluğunu fikrincə, sözügedən maddənin Əliyevə həkim tərəfindən yazılması tamamilə istisna edilir.

Həmçinin qeyd edilir ki, söhbət ekspertizanın ilkin nəticələrindən gedir. Daha ətraflı məlumatlar yaxın günlərdə elan ediləcək.

Xatırladaq ki, Nursultan Nazarbayevin böyük qızının keçmiş əri fevralın 24-də həbsxanada vanna otağında asılmış vəziyyətdə tapılıb. Avstriya məhkəməsinin nümayəndəsi ilkin versiyanın intihar olduğunu bildirib. Əliyevin vəkili isə intihar versiyasından şübhələnir. O bildirib ki, Əliyev bu günlərdə birnəfərlik kameradan üçnəfərlik kameraya köçürülüb.

Avstriya məhkəməsi Rahat Əliyevə 2007-ci ildə Avstriyada iki bankirin qətlə yetirilməsi ilə bağlı ittiham irəli sürüb. Bankirlər 2007-ci ildə itiblər, dörd il sonra onların cəsədləri aşkar edilib.

Qazaxıstanda da Əliyev barəsində analoji iş üzrə cinayət işi qaldırılıb. Qazaxıstan məhkəməsi 2008-ci ildə onun 20 il azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarıb. Astana Əliyevin ekstradisiyası ilə bağlı Avstriya hökumətinə iki dəfə sorğu göndərsə də, Vyanadan rədd cavabı alıb. Avstriya hesab edib ki, vətənində Əliyev barəsində ədalətli məhkəmə təhqiqatı aparılmayacaq.

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ilə qədər Nazarbayevin böyük qızı ilə evli olub. O, güc strukturlarının rəhbərliyində və prezidentin mühafizə xidmətində işləyirdi. Keçmiş kürəkən Qazaxıstanın Avstriyadakı səfiri vəzifəsini də tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm