“İsrail qərar verməlidir” - Fələstinlilər Qüdsü bölmək istəmirlər
Bizi izləyin

Dünya

“İsrail qərar verməlidir” - Fələstinlilər Qüdsü bölmək istəmirlər

Fələstin liderinin sözlərinə görə, onun məqsədi heç də İsrailin demoqrafik xarakterinin dəyişmək deyil. “Biz İsrailin sosial strukturunu dəyişdirmək, İsraili milyonlarla fələstinli qaçqınla “batırmaq" istəmirik”

Ramallahdakı qərargahında İsrail gənclərinin nümayəndələri ilə görüşən Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas gözlənilməz bəyanatlarla çıxış edib.Publika.Az –ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, M.Abbas Yaxın Şərq münaqişəsinin həlli konteksində Qüdsün israillilər və fələstinlilər üçün ümumi paytaxt elan edilməsi təklifi ilə çıxış edib.

Bundan başqa, o, bütün fələstinli qaçqınlarının geri dönməsini tələb etmək niyyətində olmadığını deyib. İsrailli gənclərin M.Abbasla görüşü İsrailin mərkəzçi "Avoda" Partiyasının təşəbbüsü ilə baş tutub. Qeyd edək ki, partiyadan olan deputatlar ərəb-İsrail münaqişəsinin həllinə dəstək olaraq lobbi fəaliyyəti aparır.

Qeyri-formal söhbətin gedişatında M.Abbas və İsrail nümayəndələri sülh istədiklərini və sülhə olan ehtiyacı anladıqlarını, “iki xalq - iki dövlət” modelinin yaradılmasına hazır olduğunu bildiriblər. Fələstin administrasiyasının lideri görüşdə bir daha bəyan edib ki, Qüdsün bölünməsinə heç bir halda razı deyil. O, əminliklə deyib ki, şəhərin iki hissəsi iki dövlətin paytaxtı elan edilə bilər, amma burada yerdəyişmə üçün qadağa olmamalıdır. “Qüdsü bölmək lazım deyildir. Qüds fələstinlilər və israillilər üçün açıq şəhər olmalıdır”, - M.Abbas dəfələrlə sərgilədiyi mövqeyi yenidən ortaya qoyub.

İsrail 1980-ci il 30 iyul tarixli qanunla Qüdsü özünün vahid və bölünməz paytaxtı elan edib. 2013-cü ildə ABŞ-ın vasitəçiliyi ilə yenidən bərpa olunan Fələstin-İsrail sülh danışıqlarında da məhz ən kəskin məsələ Qüdsün statusu ilə bağlı olub. Qızğın müzakirələr xüsusilə Şərqi Qüds ətrafında aparılır. Qeyd edək ki, Şərqi Qüds İsrail dövləti yarananda Fələstinin nəzarəti altında olub. 1967-ci ildə isə şəhər tamamilə İsraillilər tərəfindən zəbt edilib.

Rusiyalı şərqşünas, tarix elmləri doktoru İrina Zvyaqelskaya M.Abbasın son bəyanatlarını şərh edərək bildirir ki, fələstinlilər ciddi güzəştlərə hazırdır. Ancaq o hesab edir ki, İsraillə aralıq razılaşma imzalanarsa, bu Fələstin üçün kifayət qədər təhlükəli perspektiv ola bilər. “Çünki, aralıq razılaşması Fələstin probleminin son həll imkanına zərbə vurur. Bu razılaşma həmçinin Mahmud Abbasın fələstinlilər arasındakı siyasi reytinqinə zərbə vuracaq. Onu artıq indidən İsraillə danışıqlarda nəticənin olmadığına görə, tənqid edirlər”, - şərqşünas bildirib.

Təəccüblü deyil ki, bəzi fikirlərə görə, M.Abbas İsraillə birlikdə Fələstinə qayıtmağı arzulayan 5 milyon ərəb qaçqını ilə bağlı problemi həll etməyə hazırdır. Fələstin liderinin sözlərinə görə, onun məqsədi heç də İsrailin demoqrafik xarakterinin dəyişmək deyil. “Biz İsrailin sosial strukturunu dəyişdirmək, İsraili milyonlarla fələstinli qaçqınla “batırmaq" istəmirik”, - M.Abbas israilli gəncləri inandırıb.

Fələstin adminitrasiyasının lideri eyni zamanda bildirib ki, onu antisemitizm fikirlərinə görə ittifam edənlərinin fikirlərini rədd edir. O, eyni zamanda etiraf edib ki, Fələstin muxtariyyətində İsrailə qarşı təbliğat aparılır. M.Abbas bunu çox zərərli hesab etdiyini və onunla mübarizə aparacağını bildirib. M.Abbas xatırladıb ki, tərəflər Yaxın Şərq münaqişəsinin həli üçün aprelin sonunda yenidən danışıqlar masasına əyləşəcəklər. “İsrail və Fələstin arasında yenidən bərpa olunan sülh danışıqları təxminən iki ay sonra yenidən başlayacaq. Həmin vaxta kimi İsrail qərar qəbul etməlidir. Biz zorakılığa və müharibəyə qayıtmaq istəmirik”, - o, vurğulayıb.

Dünən isə İsrail prezident Şimon Peres M.Abbasın fələstinli qaçqınların problemi ilə bağlı fikirlərini alqışlayıb və bunun sülhə xidmət edəcəyini deyib. “Qüdsün statusuna gəlincə, çətin ki, İsrail bununla razılaşacaq. Cünki, İsrail rəhbərliyi dövlətin yəhudi xarakterini daim qabardır. “Sizdə ərəb dövləti, bizdə yəhudi dövləti” İsrail liderlərinin yanaşmalarının əsasını təşkil edir”, - İ.Zvyaqelskaya vurğulayıb.

“Qüds probleminin həllini göstərməyən heç bir planı biz qəbul etmirik. Bunu müsəlmanlar da, ərəblər də qəbul etməz. Tarixi Qüds, Məscidi-Əqsa qəti şəkildə müsəlmanların nəzarətində olmalıdır. Bütün problemlər həll edilsə, yalnız bu məsələ qalsa belə, Fələstin məsələsi bitməyəcək”, - Fələstinin davamlı şəkildə müdafiə edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir müddət əvvəl bildirmişdi.

Qüds dünyanın ən qədim şəhərlərindən biri, İsrail dövlətinin paytaxtıdır. 1949-cu ildə şəhəri paytaxtı elan edən İsrail 1967-ci ildən şəhərin bütün ərazisinə nəzarət edir. Şəhərin şərq hissəsi üzərində İsrail suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb.

Qüds həm müsəlmanlar, həm xaçpərəstlər, həm də yəhudilər üçün çox mühüm bir şəhərdir. Üç monoteist(təktanrılı) dinin hәr biri üçün müqәddәs olan Qüdsdə bu dinlәrin әn dәyәrli mәbәdlәrinin bir hissәsi yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır.

Qüdsdә olan Məscidi-Əqsa müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqәddәs şәhәrdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm