Ekspert: “Azərbaycan qazı Avropada Türkiyənin əhəmiyyətini artıracaq”
Bizi izləyin

Dünya

Ekspert: “Azərbaycan qazı Avropada Türkiyənin əhəmiyyətini artıracaq”

Bu gün Türkiyənin Qars vilayətində “Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) layihəsinin təməlatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, RİA agentliyi sözügedən layihə ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Xəzər Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı Əfqan Nifti və Energetika Bazarlarının öyrənilməsi İnstitutundan Volkan Özdemir hesab edirlər ki, Rusiyadan Türkiyəyə uzanacaq “Türk axını” ilə TANAP bir-birinə rəqib olmayacaqlar.

“Hazırda Avropa bazarında təbii qaza ehtiyac artır. Buna görə də TANAP və “Türk axını” bir-birinə rəqib olmayacaq. Əksinə, energetika sabitliyi və Türkiyənin təhlükəsizliyi üçün onlardan hər biri mühüm rol oynayacaq”, - Əfqan Nifti deyib.

Onun sözlərinə görə, Türkiyənin təbii qazın idxalından asılılığı olduqca böyükdür. Ekspert bu asılılığın 98 faiz təşkil etdiyini vurğulayıb: “Bununla əlaqədar olaraq Türkiyə üçün təbii qazın müxtəlif mənbələrinə malik olmaq çox əhəmiyyətlidir. Azərbaycandan Türkiyəyə axacaq təbii qaz Türkiyənin energetika təhlükəsizliyi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Azərbaycan qazı həmçinin Türkiyəyə daşınacaq və bu Türkiyənin əhəmiyyətini artıracaq”.

Volkan Özdemir hesab edir ki, “Türk axını” ən azı birinci mərhələdə TANAP üçün rəqib olmayacaq: “Mən hələ üç il əvvəl deyirdim ki, “Cənub axını” qaz kəmərini iqtisadi səbəblərdən tikmək mümkün deyil. Mən Türkiyə vasitəsilə Rusiya qazının Avropaya göndərilməsinin lazım olduğunu bildirirdim. Rusiya və Türkiyənin yeni qaz kəməri haqqında razılaşması məni çox sevindirdi”.

“Türk axını”na gəlincə, Volkan Ozdemir onun həqiqi ötürücü gücünün deyildiyi kimi 63 milyard kubmetr olduğunu güman etmir: “Bu rəqəmin yarısı daha realdır. Onun 15 milyard kubmetri Türkiyə götürəcək, qalanı isə Cənubi Avropa ölkələrinə ötürüləcək. Hesab edirəm ki, bu layihəni “Türk axını” deyil, “Avrasiya axını” adlandırmaq daha düzgün olardı. Layihə Rusiya ilə Türkiyəni daha da yaxınlaşdıracaq və mütləq yaxşı nəticələr verəcək”.

Qeyd edək ki, TANAP təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 10-11 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanacaq, Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm