Tahir Süleymanovdan PFL-ə şok ittihamlar
Bizi izləyin

Dünya

Tahir Süleymanovdan PFL-ə şok ittihamlar

Tahir Süleymanovdan PFL-ə şok ittihamlar

Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də çempionatın yayım məsələsində yaranan problemdir.

Publika.az xəbər verir ki, “Neftçi”nin XXII tur çərçivəsində evdə “İnter”ə qarşı keçirəcəyi matçın canlı yayımlanmaması və üstəlik, bu məsələdə “İdman Azərbaycan” telekanalının “Neftçi”ni günahkar çıxarması qarşı tərəfin qəzəbinə səbəb olub.

Bununla bağlı Rekord.az-a açıqlama verən paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov məsələyə çox sərt reaksiya verib: “Bu məsələdə heç kim “Neftçi”ni günahlandıra bilməz, səslənən ittihamlar da kökündən yanlışdır. Çempionatın yayım hüququnu Peşəkar Futbol Liqası (PFL) “topaz”a verib. Onlar da “İdman Azərbaycan”la anlaşıblar. Bu günə qədər bizim bütün ev oyunlarımız yaymlanıb. İttihamlar absurddu. Biz, ümumiyyətlə, heç vaxt “İdman Azərbaycan”la danışıq aparmamışıq. Lazım olanda bütün danışıqları PFL-lə aparırıq, sözümüzü onlara deyirik və düşünürük ki, bu tip məsələləri də PFL, “topaz” və “İdman Azərbaycan” öz aralarında tənzimləməlidir. Son günlər bütün bu baş verənlər “Neftçi”yə qarşı təxribatdan başqa bir şey deyil. Şəxsən özüm PFL-lə əlaqə saxlayıb Məlik Həsənovla danışmışam. Özü də 4 gün ardıcıl olaraq. Birmənalı şəkildə tələb edirik ki, ev oyunumuz canlı yayımlansın. Bizə bildirilib ki, “Neftçi”- “İnter” matçı canlı yayımlanmayacaq. Səbəbini soruşuruq, deyirlər ki, bu oyunu yayımlasaq, digər oyunları yayımlaya bilməyəcəyik. Bu, anormal bir haldır və heç Banqladeş çempionatında da buna rast gəlməzsiniz. Bir daha bəyan edirik ki, “Neftçi” klubu olaraq, bütün ev oyunlarımızın yayımlanmasında maraqlıyıq. Tələb edirik, bizi əsassız yerə ittiham etmək lazım deyil. Lap istəyirlər oyunumuzu saat 19:00-a yox, 21:00-a, gecə saat 3-ə salsınlar. Yenə çıxıb oynamağa hazırıq. Sadəcə, son zamanlar “Neftçi”yə qarşı böyük təzyiqlər var. Bu da onun tərkib hissəsidir. Bununla “Neftçi”ni tam blokadaya salmaq istəyirlər. Bilirsiniz ki, Lənkəranda alınan cəzalar səbəbindən 4 futbolçumuz bu gün də komandaya kömək edə bilmir. “İnter”lə oyun öncəsi isə daha 5 futbolçumuz sarı vərəqə limitini aşmaq üzrədir. Əgər onlar da bu gün vərəqə alsa, növbəti turda “Sumqayıt”la oyuna əsas heyətimizin 90 faizi olmadan çıxmalıyıq. Deməyim odur ki, stadionlarda Tahir Süleymanovu binoklla axtarmaq lazım deyil, canlı yayımı təşkil etmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm