PKK Türk əsgərlərini top atəşinə tutub
Bizi izləyin

Dünya

PKK Türk əsgərlərini top atəşinə tutub

Bu gün Türkiyə vaxtı ilə saat 13:25 radələrində PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndindəki mövqelərini atəşə tutub.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, üç dəfə top atəşi açan terrorçuların mövqeləri xüsusi radarlarla müəyyənləşdirilərək həmin nöqtələrə 155 mm-lik “Fırtına” özüyeriyən artilleriya sistemi və 120 mm-lik toplarla cavab zərbələri endirilib.

Terrorçular bir qədər sonra - saat 14.40-da eyni istiqamətdə bu dəfə avtomat və pulemyotlardan atəşə başlayıblar. Türk əsgərləri tərəfindən cavab atəşi açılıb.

Qeyd edək ki, Türkiyədə mövcud hökumət 2009-cu ildə ölkədə terroru dayandırmaq üçün kürd problemini həlli prosesinə start verib. O vaxtdan bəri terrorçular və Türkiyə ordusu arasında qeyri-rəsmi atəşkəs hökm sürür. “Kürd açılımı”, “Sülh və qardaşlıq layihəsi”, “Çözüm sürəci” adlandırılan proses çərçivəsində Türkiyə hökuməti Bursa yaxınlığındakı İmralı adasında cəza çəkən PKK lideri Abdulla Öcalan və terror təşkilatının İraqın şimalındakı rəhbərliyi ilə qeyri-rəsmi, kürd hərəkatının leqal siyasi təşkilatı olan HDP (Xalqların Demokratiya Partiyası – keçmiş BDP) ilə isə rəsmi danışıqlar aparıb. Hazırda həll prosesi davam etsə də, tərəflər arasında anlaşılmazlıq yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm