Suriya Rusiyadan cavab gözləyir
Bizi izləyin

Dünya

Suriya Rusiyadan cavab gözləyir

Suriya öz ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi təkliflərini qəbul etməyəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Bəşər Əsəd rusiyalı jurnalistlərlə görüşündə bildirib. O, bunun yolverilməz olduğunu diqqətə çatdırıb. Suriyanın dövlət başçısı bu istiqamətdə qəbul olunan hər hansı bir qərarın İŞİD terror təşkilatının tanınması mənasına gələcəyi üçün təhlükəli olduğunu qeyd edib. Ölkə başçısı “Suriyaya sülhməramlı qüvvələrin yerləşdirilməsi fikrinə necə baxırsınız?” sualını cavablandırarkən bildirib ki, İŞİD-in tanınmasına yol aça biləcək addımlar təhlükəlidir: "Sülh qüvvələri adətən bir-birilə vuruşan ölkələr arasında yerləşdirilir. İŞİD ilə aramıza sülhməramlı qüvvə yerləşdirilməsini təklif edənlər İŞİD-i dövlət kimi tanımağı təklif edirlər. Bu cür ifadələr qəbuledilməz və təhlükəlidir".

Suriya prezidenti Rusiyanın ölkəsində böyük bir hərbi baza yaradacağını da açıqlayıb. Rusiyadan məsələ ilə bağlı müraciəti gözlədiklərini bildirən Əsəd, Suriyanın Tartus limanında yerləşən bu ölkənin donanmasının yeniləşdirilməsi və genişləndirilməsi istiqamətində Rusiyanın bir qərar qəbul edəcəyi təqdirdə müsbət cavab verəcəklərini söyləyib.

"Şərqi Aralıq Dənizi və Tartus limanı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində Rusiyanın hərbi varlığı söz mövzusudur. Bu, SSRİ-nin dağılmasından sonra pozulan balansın təmin olunması üçün lazımdır. Rusiyanın regionumuzdakı varlığı nə qədər güclənərsə, regionumuzda bir o qədər sabitlik olar. Çünki Rusiya bütün dünyada sabitliyin möhkəmlənməsində çox mühüm rol oynayır. Bu baxımdan, Rusiyanın Şərqi Aralıq Dənizində, xüsusilə də limanlarımızda varlığının genişləndirilməsini məmnuniyyətlə qarşılayırıq".

Əsəd, Qərb ölkələrinin Suriyanın daxili işlərinə qarışdığını, indi də eyni ssenarini Rusiyanı zəiflətmək məqsədiylə Ukraynada həyata keçirməkdə olduğunu qeyd edib. Suriya prezidenti Yaxın Şərq və Ukraynada baş verənlər arasındakı bənzərliyin olduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm