2050-ci ildə müsəlmanlarla xristianların sayı bərabərləşəcək
Bizi izləyin

Dünya

2050-ci ildə müsəlmanlarla xristianların sayı bərabərləşəcək

Hazırda tərəfdarlarının sayına görə Xristianlıq dünyanın aparıcı dini olsa da, İslam ona çatmaq üzrədir.

Hazırkı tendensiyanın davam edəcəyi təqdirdə 2050-ci ildə Yer kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı bərabərləşəcək. 2070-ci ildə isə İslam dünyanın aparıcı dininə çevriləcək. Belə bir proqnoz Vaşinqtonun Pyu adına tədqiqat mərkəzinin profil bölməsinin məruzəsində yer alıb.

Sənəddə qeyd olunur ki, 2010-cu ildə dünyada 2,2 milyard xristian qeydə alınıb. Bu da ümumi əhalinin 31 faizini təşkil edib. Həmin il müsəlmanların sayı isə 1,6 milyard (23 faiz) olub. Buna baxmayaraq, İslam dininin nümayəndələri planetimizin demoqrafik göstəricilərinə görə daha dinamik artan regionlarında yaşayırlar. Amerikalı mütəxəssislərin hesablarına əsasən, 2050-ci ildə Yer kürəsində yaşayacaq 9,3 milyard əhalidən 2,8 milyardı müsəlman, 2,9 milyardı isə xristian olacaq. Həmin dövrdə xristianların 40 faizi Afrikada Saxaradan cənubda yaşayan əhalinin payına düşəcək. Avropada miqrasiya hesabına müsəlmanların sayı ümumi əhalinin 10 faizini təşkil edəcək. Hətta Böyük Britaniya, Niderland, Fransa kimi bəzi ölkələrdə xristianlar say baxımdan üstünlüyü itirəcəklər. ABŞ-da isə İslam Yəhudiliyi qabaqlayaraq Xristianlıqdan sonra tərəfdarlarının sayına görə ikinci yeri tutacaq.

Yaxın 40 ildə dünyanın ən iri dinləri arasında yalnız buddizmdə artım gözlənilmir. Belə ki, dindarlar arasında ən aşağı doğum səviyyəsi məhz bu dinin nümayəndələrində müşahidə edilir. Onlarda hər qadına 1,6 yeni doğulmuş uşaq düşdüyü halda, müsəlman və xristianlarda bu göstərici müvafiq olaraq 3,1 və 2,7-dir.

Maraqlıdır ki, Vaşinqton tədqiqatçılarının proqnozlarına görə, ABŞ və Fransa da daxil olmaqla bəzi ölkələrdə ateistlər, aqnostiklər və özünü heç bir dinə mənsub saymayan insanlar çoxalsa da, dünyada onların ümumi sayı azalacaq.

Qeyd edək ki, yeni məruzə amerikalı protestantların və katoliklərin bayram etməyə hazırlaşdıqları Pasxa ərəfəsində dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm