
Gözlənilmədən yağan güclü qar, külək və qasırğa Gürcüstanda
ciddi problemlər yaradıb.
Gürcüstan mətbuatının məlumatına görə, güclü qar nəticəsində
Gürcüstandan Rusiyaya gedən yolda problemlər yaranıb. İki gün öncə
yol bütünlüklə bağlansa da, bu gün avtomobillərin hərəkətinə
birtərəfli qaydada icazə verilib. Gürcüstanın müvafiq dövlət
strukturları yolun açılması üçün təxirəsalınmaz tədbirlər
görürlər.
Bu arada qasırğa Kutaisi və Batumidə, eləcə də digər yaşayış
bölgələrində ciddi fəsadlar törədib. Güclü külək ağacları kökündən
qoparıb, evlərin damını uçurub. Avtomobillərə, eləcə də bir sıra
ictimai–iaşə obyektinə ciddi ziyan dəyib.
Bölgənin bəzi ərazilərinə elektrik enerjisinin və içməli suyun
verilməsində fasilələr yaranıb. Hökumət təbii fəlakətdən ziyan
çəkmiş insanlara yardım göstəriləcəyini bildirib.
Dağıntılara məruz qalmış şəhərlərdə təcili tədbirlər
görülür.