Yunanıstan defolt elan etməyə hazırlaşır
Bizi izləyin

Dünya

Yunanıstan defolt elan etməyə hazırlaşır

Aprelin sonuna kimi beynəlxalq kreditorlarla razılaşma əldə olunmayacağı halda, Yunanıstan defolt (borc alan tərəfin öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı vəziyyət) elan edə bilər.

Publika.az xəbər verir ki, bu barədə yunan hökumətindəki mənbələrə istinadən “The Financial Times” qəzeti yazıb.

Hökumət aprelin əvvəlində dövlət qulluqçularının maaşlarının və təqaüdlərin ödənilməsi üçün 2,4 milyard avro pul tapmağa çalışır. Bundan başqa, borcun ödənilməsi qrafikinə əsasən, Afina 1 may tarixinə kimi Beynəlxalq Valyuta Fonduna 203 milyon, 12 maya kimi 770 milyon avro, iyunda isə daha 1,6 milyard avro ödəməlidir.

Mənbə qeyd edib ki, Afina defoltdan xilas olmaq üçün büdcəni doldura biləcək mənbələr tapmağa çalışır. “Biz yolun sonuna gəlmişik. Əgər avropalılar qurtuluş üçün pul verməsələr, o halda heç bir alternativ yoxdur", - Yunanıstan hökumətindəki mənbə bildirib.

Amma “The Financial Times” qeyd edir ki, defolt haqqında xəbərdarlıq beynəlxalq kreditorlarla razılaşmağa çalışan hökumətin taktik gedişi ola bilər. Nəşrin yazdığına görə, qısamüddətli perspektivdə defoltun elan edilməsi yunan maliyyə sektoruna Avropa Mərkəzi Bankının yardımının dayandırması, yunan banklarının bağlanması və iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Hazırda kreditorlara Yunanıstanın borcunun ümumi məbləği 320 milyard avro təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm