İran Moskvaya ilin sonuna qədər vaxt verdi
Bizi izləyin

Dünya

İran Moskvaya ilin sonuna qədər vaxt verdi

İran “S-300” zenit-raket sistemlərinin Rusiya tərəfindən ilin sonuna kimi çatdırılmasını gözləyir.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Şurasının başçısı Əli Şamhani Moskvada verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması ilə bağlı qadağanın ləğvi bölgədə təhlükəsizliyin təmin edilməsi üçün bir növ siqnaldır. Əli Şamhani həmçinin “S-300”lərin çatdırılmasından sonra Rusiyaya qarşı qaldırılan 4 milyard dollarlıq təzminat iddiasının geri çəkiləcəyini bildirib.

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə “İnterfaks” agentliyinə verdiyi açıqlamasında “S-300”lərin İrana çatdırılmasının zaman alacağını və müddətin istehsalçı şirkətdən asılı olacağını söyləyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 13-də verdiyi qərarla “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması ilə bağlı qüvvədə olan qadağanı ləğv edib. “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması barədə qadağa 2010-cu ilin sentyabrında prezident Dmitri Medvedev tərəfindən BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin icrası çərçivəsində tətbiq edilib. Tehran Dmiti Medvedevin fərmanına son dərəcə kəskin reaksiya verərək Rusiyanı Cenevrədəki Beynəlxalq Arbitraj Məhkəməsinə verib.

Zenit-raket komplekslərinin satışı barədə müqavilə 2007-ci ildə imzalanıb. Sövdələşmənin məbləği 800 milyon dollar təşkil edirdi. Texniki səbəblərdən komplekslərin göndərilməsi gecikdirilirdi. 2010-cu ildə BMT-nin qətnaməsindən sonra isə, ümumiyyətlə sazişin yerinə yetirilməsi mümkünsüz olub. Bundan sonra Rusiya İrana 167 milyon dollar məbləğində avans qaytarıb.

Təyyarə və balistik raketlərə qarşı hazırlanan “S-300” sistemləri dünyanın ən inkişaf etmiş hava hücumundan müdafiə sistemlərindən biri hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm