SOS: İŞİD qonşumuzda əsgər toplayır
Bizi izləyin

Dünya

SOS: İŞİD qonşumuzda əsgər toplayır

Gürcüstan ictimaiyyəti iki həftə əvvəl itmiş iki gəncin taleyini müzakirə edir.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, Gürcüstanın Pankiski dərəsində iki gənc – 18 yaşlı Müslüm Kuştanaşvili və 16 yaşlı Ramzan Baqakaşvili İraqa gedərək İŞİD-ə qoşulub.

Gürcüstan Daxili İşlər Nazirliyi 16 yaşlı Ramzanın şəxsiyyət vəsiqəsi olmadan sərhədi necə keçməsini araşdırır.

Gürcüstan parlamenti isə başqa ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrdə iştiraka görə cəzanı sərtləşdirmək üçün Cinayət Məcəlləsinə düzəlişlər etməyə hazırlaşır.

Məlumatlara görə, hazırda yüzlərlə Gürcüstan vətəndaşı olan gənc İŞİD bayrağı altında döyüşür.

Qafqazşünas Mamuka Areşidze iddia edir ki, İŞİD Borçalı və Acar vilayətlərindən əsgər toplayır. Onun sözlərinə görə, bu bölgələrdə gənclər arasında işsizlik çoxdur.Qeyd edək ki, bir müddət əvvəl İran KİV-i İŞİD-in Azərbaycandan da əsgər topladığını iddia edirdi.

Acariyanın müsəlman idarəsinin başçısı Tariyel Nakaidze isə bildirib ki, bu bölgələrdə ənənəvi İslam mədrəsələri açılsaydı, ekstremistlər bura ayaq aça bilməzdi. Onun sözlərinə görə, dövlət nəinki şərait yaradır, hətta İslamın güclənməsinə mane olur.

Ekspert Tarxan Batiraşvili isə Pankisi dərəsindən gənclərin İŞİD-ə meyllənməsinin səbəbini belə izah edir: “Bu dərədə boya-başa çatan bir şəxs Ömər Şişani ləqəbi ilə bu gün İŞİD-in əsas komandirlərindəndir. Onun varlığı gənclər arasında cəlbediciliyi artırır.

M. Areşidze hesab edir ki, gənclərin İŞİD-ə qoşulması problemdir: “Lakin onların ekstremizmi mənimsədikdən sonra geri qayıtmalar daha böyük təhlükədir. Bu gün Cənubi Qafqazda Gürcüstanla yanaşı, Azərbaycan da eyni məsələyə görə narahatdır. Bu ölkənin vətəndaşları arasında İŞİD tərkibində döyüşənlər var. Onlardan geri qayıdanlar həbs olunur. Ancaq bu həmişə sığortalanmaq deyil. Eyni vəziyyət Gürcüstana da şamil olunmalıdır. Yəni regiona üçün təhlükə ciddidir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm