Netanyahu Putini hədələdi
Bizi izləyin

Dünya

Netanyahu Putini hədələdi

Rusiya prezidenti Vladimir Putinin “S-300” zenit-raket sistemlərinin İrana çatdırılması ilə bağlı qadağanı ləğv etməsi Təl-Əvivdə narahatlıq yaradıb.

Publika.az “NEWSru Israel” nəşrinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefonda danışaraq narahatlığını onun diqqətinə çatdırıb.

Netahnyahunun fikincə, bu addım regionda İran təcavüzünün gücləndirilməsinə gətirib çıxaracaq, həmçinin Yaxın Şərqdə təhlükəsizliyə ciddi zərbə olacaq. Məlumata görə, Rusiya dövlət başçısı narahatlığa heç bir əsas olmadığını, “S-300” zenit-raket komplekslərinin müdafiə sistemləri olduğunu, İran və Yaxın Şərqin heç bir ölkəsi üçün təhlükə törətməyəcəyini bildirib.

Dünən isə İsrail mediası belə bir iddia irəli sürüb ki, Təl-Əviv Moskvanı hədələyib. İddiaya görə, İsrail “S-300” zenit-raket komplekslərinin İrana çatdırılacağı halda, Ukrayna və Gürcüstana silah satmağa başlayacağını bildirib. NRG saytında dərc edilmiş məqalədə deyilir ki, Rusiyanın qərarına cavab olaraq Ukrayna və Gürcüstana silahların çatdırılması başlana bilər.

“NEWSru Israel” xatırladır ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra İsrail Gürcüstana silahların çatdırılmasını dayandırıb. “Wikileaks”in məlumatına görə, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili İsrailın Gürcüstana satdığı pilotsuz təyyarələrin kodlarını Rusiyaya verdiyini bildirib. Bu kodlar isə Rusiya hərbçilərinə gürcülərin pilotsuz təyyarələrini neytrallaşdırmağa imkan verib.

2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurası raketlər və raket sistemləri də daxil olmaqla, İrana silah çatdırmasına məhdudiyyətləri nəzərdə tutan qətnaməni qəbul edib. 22 sentyabr 2010-cu ildə isə Rusiya prezidenti Dmitri Medvedev “S-300” sistemlərinin İrana çatdırılmasını qadağan edən fərmanı imzalayıb.

“NEWSru Israel” qeyd edir ki, Vladimir Putinin İranla bağlı son qərarı Təl-Əvivi daha əvvəl üzərinə götürdüyü öhdəliklərdən azad edir. Qeyd edilir ki, İsrail Gürcüstanla hərbi-texniki əməkdaşlığı bərpa edə bilər və bu çətin ki, Moskva ilə münasibətlərə əhəmiyyətli dərəcədə təsir edəcək. “Ancaq Ukraynanın şərqində davam edən silahlı konflikt fonunda Ukrayna ordusunun İsrail istehsalı olan silahlarla silahlandırılması heç şübhəsiz ki, son zamanlar mürəkkəbləşən Təl-Əviv və Moskva arasında münasibətləri gözəçarpan dərəcədə pisləşdirəcək”, - “NEWSru Israel” yazır.

İsrailin müdafiə naziri Moşe Yaalon bildirib ki, “S-300” sistemlərinin İrana çatdırılması barədə qadağanın ləğvi “altılıq” və Tehran arasında aparılan danışıqlarda razılaşdırılan çərçivə sazişinin birbaşa nəticəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm