Kiyev hadisələrinin səbəbkarı... Bakıdır - İtalyan nəşrinin analizi
Bizi izləyin

Dünya

Kiyev hadisələrinin səbəbkarı... Bakıdır - İtalyan nəşrinin analizi

Avropa və Rusiya energetika döyüşünü Ukraynada aparır

Ukrayna müxalifəti və hakimiyyət arasında dünən əldə olunan razılaşmaya görə, bu ilin sonunda növbədənkənar prezident seçkiləri keçiriləcək. Parlament isə prezidentin səlahiyyətlərini məhdudlaşdıran 2004-cü il Konstitusiyasının bərpası ilə bağlı qanun qəbul etdi. Viktor Yanukoviç iqtidarının daha bir güzəşti isə keçmiş baş nazir Yuliya Timoşenkonun həbsdən azad edlməsi oldu. Qərb onun azad olunmasını uzun müddət idi ki, tələb etməsinə baxmayaraq, Yanukoviç bu məsələdə geri çəkilmək niyyətində deyildi.

İndiki vəziyyətdə Yanukoviç və onun arxasında dayanan Kreml məğlub tərəfdir. Kreml heç şübhəsiz ki, Ukrayna müxalifətinə dəstək verən Avropadan əvəzini çıxmağa hazırlaşır. Necə?

Publika.Az –ın verdiyi xəbərə görə, İtaliyanın “Limes” qəzeti Rusiya və Avropa arasında gedən qarşıdurmada təbii qaz amilinin əsas rol oynayacağını bildirir.

Qəzet bildirir ki, Brüsselin energetika asılılığı onun “Axilles dabanı”dır:“Avropa İttifaqı öz energetika ehtiyaclarının daha çox hissəsini idxal hesabına təmin edir. Rusiya 2011-ci ildən qaz bazarında rəqibi olan Norveç, Əlcəzair və digər ölkələrə qalib gələrək Avropaya qaz bazarının birinci ixracatçısı oldu. Avropa isə üstün mövqeyindən istifadə edən Moskva cavab verməyə məcbur idi”.

İtaliya nəşri hesab edir ki, Xəzər hövzəsinin (Türkmənistan, Qazaxıstan, Azərbaycan və Özbəkistan) təbii qaz ehtiyatları Avropanın Rusiyanın asılılığından xilası üçün kifayət edə bilər. Amma bu ehtiyatların Avropaya çatdırılması üçün problemlərin olduğu bildirilir:

“Bu ölkələrdən bəziləri, məsələn Qazaxıstan neft və qazının 50 faizdən çoxunu Avropaya ixrac edir. Amma bu ölkələr potensialından daha az ixrac edirlər. Bunun səbəbi də ixrac üçün infrastrukturun çatışmazlığı, sözügedən ölkələrin Rusiyadan tamamilə asılı olmasıdır. 1990-cı illərdən başlayaraq Moskva bu asılılığı daha da artırdı. Unutmaq lazım deyil ki, 2006 və 2009-cu illərdə Ukrayna və Rusiya arasında iki dəfə təbii qaz böhranı baş verdi. Rusiya Ukraynanı Avropaya ixrac edilən qazı oğurlamaqda ittiham edərək Avropanı qazsız qoydu. Yunanıstan və Çexiyaya qaz icracı 70 faiz azaldı, Slovakiya fövqəladə vəziyyət elan edildi, Bolqarıstan sənaye müəssisələrinin bəzilərinin fəaliyyətini dayandırmağa məcbur oldu. Beləliklə, Moskva öz gücünü nümayiş etdirdi”.

“Limes” Avropa İttifaqının da “Üçüncü energetika paketi” şəklində güclü silaha malik olduğunu bildirir. Bu paketə görə, Avropa bazarında qaz satışı ilə məşğul olan şirkətlərə nəqliyyat şəbəkələrinə malik olmağa icazə verilmir. Nəticədə Avropa ölkələrində “Qazprom” şirkətini sıxışdırmağa başlayıblar və onu inhisarçılıqda ittiham edirlər. Rusiya isə bu enerji paketinin Avropa İttifaqı ilə qüvvədə olan baza razılaşmalarına zidd olduğunu iddia edir. “Beləliklə, Avropa Komissiyası "Qazprom”un ən əhəmiyyətli layihəsi olan “Cənub axını"na hücum etdi. Bildirildi ki, Rusiya və altı Avropa ölkəsi arasında bağlanmış müqavilələr Avropa İttifaqının qanununu pozur. Bundan başqa, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Hunter Ottinger energetika infrastrukturuna girişi və tariflərə nəzarəti tələb etdi. Bir sözlə, Avropa İttifaqı istəyir ki, “Cənub axını" layihəsi “Qazprom”un deyil, məhz onun layihəsi olsun”, - qəzet qeyd edir.

Yazıda vurğulanıb ki, “Qazprom” və Avropa Komissiyasının arasındakı qarşıdurma Rusiyaya güclü zərbə anlamına gəlir. Rusiyanın Avropa İttifaqına üzv 6 ölkə ilə ikitərəfli razılaşma əldə etmək imkanlarını qiymətləndirdiyini yazan “Limes” bildirir ki, Moskva və Brüssel arasında toqquşmanın nəticəsini iki əsas amilə görə əvvəlcədən müəyyən etmək çətindir. Birincisi, Brüsselin mövqeyi, ikincisi isə Avropa İttifaqına üzv ölkələrin özlərinin mövqeyi. Amma qəzet Rusiya ilə qarşıdurmada uğur qazanmaq üçün Avropada fikir birliyinin vacib olduğunu bildirir:

“Avropa İttifaqı yeni enerji mənbələri tapa və beləliklə Rusiyadan asılılığını azalda bilərdi. Hətta Avropa şist qazının hasilatını tamamilə qadağan etməyə qərar versə də, ABŞ və ya Çində şist qazı kifayət qədərdir. Bundan başqa, “Nabucco” əvəzinə transadriatik qaz kəməri tikilə bilər. Amma Brüsselin energetika siyasətinin uğur qazanması üçün üzv ölkələri dəstək verməlidir. Amma Avropa İttifaqı birlikdən çox uzaqdır. Avropa son dərəcə müxtəlif tərkibli energetika panoraması ilə səciyyələnir. Bəzi ölkələr, məsələn İtaliyanın enerji enerjidaşıyıcılarından asılılığı 80 faiz olduğu halda, bu Böyük Britaniyada 40 faizdir. Buna görə də Avropa İttifaqında ümumi energetika siyasəti yoxdur. Məsələn, İtaliya və Fransa şirkətləri “Nabucco”nun rəqibi olan “Cənub axını” layihəsinin iştirakçıları oldu. Almaniya kansleri Angela Merkel isə ətraf mühitəı zərər vurmasına baxmayaraq, “Şimal axını” qaz kəmərini inadla müdafiə etdi. O, həm də kəmərin Avropa İttifaqının dörd üzvü -Estoniya, Litva, Latviya və Polşadan yan keçdiyini nəzərə almadı. Almaniya Rusiya ilə birlikdə layihəni maliyyələşdirdi. Bu baxımdan da Avropanın vahid avropa energetika siyasətini görmək çətindir”.

“Limes” sonda bildirir ki, Brüssel və Rusiya arasında təbii qaz mübahisəsi ümumavropa siyasətinin inkişafından çox asılıdır. “Çünki, iqtisadi rəqabətə davamlılıq siyasi birlikdən asılıdır”, - qəzet bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm