İrəvana növbəti zərbə: dünyada ən yüksək tarif “kiçik qardaş” üçün
Bizi izləyin

Dünya

İrəvana növbəti zərbə: dünyada ən yüksək tarif “kiçik qardaş” üçün

Ermənistan Elektrik Şəbəkəsi elektrik enerjisi qiymətlərinin artırılması ilə bağlı ölkənin Tarif Şurasına müraciət edib.

Publika.az “1in.am” saytına istinadən xəbər verir ki, Rusiyanın "İnter RAO EES" (Rusiya Energetika və Elektirikləşmə üzrə Açıq tipli Səhmdar Cəmiyyəti) şirkətinə daxil olan Ermənistan Elektrik Şəbəkəsi qiymətlərin 1 kv/saat üçün 42 dramdan (0,86 dollar) 60 drama (0,125 dollar) qaldırılmasını təklif edir.

Ermənistan Elektrik Şəbəkəsi qiymətin qaldırılması zərurətini dramın dollar qarşısında dəyərini itirməsi, həmçinin ötən il “Metsamor” Atom Elektrik Stansiyasının işini dayandırılması ilə izah edib. Erməni mediası yazır ki, Tarif Şurasının Ermənistan Elektrik Şəbəkəsinin müraciətinə müsbət cavab verəcəyi gözlənilir. Belə ki, bundan əvvəlki hər üç ildə elektrik enerjisinin qiyməti artırılıb.

“Ermənistan-Rusiya qaz müqaviləsi imzalananda bizi inandırırdılar ki, Ermənistan qazı Orenburq vilayətinin qiymətləri ilə alır. İndi baxaq, Orenburq vilayətində təbii qazla istehsal olunan elektrik enerjisinin qiyməti cəmi 2,2 rubldur, yəni 20 dram ətrafındadır. Bu isə “İnter RAO EES" şirkətinin bizim boynumuza qoyduğu qiymətdən üç dəfə daha ucuzdur. Elektrik enerjisində ən yüksək tariflər Stavropol və Krasnodar vilayətindədir. Buradakı tariflər Ermənistandakı tariflərə daha yaxındır: müvafiq olaraq 1 kv/saat üçün 3,8 və 3,7 rubl təşkil edir, yəni 35 dram. Hətta elektrik enerjisinə yüksək tələbatın olduğu Moskva kimi meqapolisdə belə tarif 4,53 rubl təşkil edir. Yəni, 42 dram, amma 60 dram deyil”, - “1in.am” yazır.

Qeyd olunur ki, ABŞ və Qərbi Avropa ölkələrində elektrik enerjisinin qiymətləri yüksək olsa da, bu, orta əmək haqqı ilə müqayisədə cüzi məbləğdir: “Almaniyada və Danimarkada elektrik enerjisinin tarifi 200 dram ətrafındadır. Amma bu, orta aylıq əmək haqqının cəmi 1 faizini təşkil edir. Əgər Ermənistanda elektrik enerjisinin tarifi 60 dram olacaqsa, o halda vətəndaş orta əmək haqqının 10 faizini ödəməlidir. Belə bir göstərici isə dünyanın heç bir ölkəsində mövcud deyil. Rusiyada elektrik enerjisinin qiyməti hər il orta hesabla 15-20 faiz artır və ruslar bu təcrübəni Ermənistanda da həyata keçirirlər”.

Sayt yazır ki, problemdən xilas olmaq üçün Rusiyanın Ermənistan enerji sistemindəki inhisarçılığına son qoymaq lazımdır: “Məsələni tamamilə başqa cür qoymaq lazımdır: elektrik enerjisinin istehsalı və bölgüsündə rusların mütləq inhisarçılığından xilas olmaq. Yalnız bu halda Ermənistan elektrik enerjisinə sabit qiymətlərə malik ola biləcək. Əks təqdirdə, bu qiymətlər hər il yüksələcək və biz bununla barışmağa məcbur olacağıq. Ruslar elektrik enerjisinin istehsalının alternativ mənbələrinin inkişafının qarşısını almaq üçün hər şeyi etməyə çalışacaqlar. Rusiya Ermənistanda kiçik su elektrik stansiyaların qurulmasına imkan vermir. Moskvaya lazımdır ki, elektrik enerjisi Rusiya qazı ilə, heç olmasa, Rusiyanın nüvə yanacağı ilə istehsal edilsin”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm