Suriyada şiə-sünni savaşının ikinci mərhələsi başlayır
Bizi izləyin

Dünya

Suriyada şiə-sünni savaşının ikinci mərhələsi başlayır

“Bəşər Əsəd rejimi dollarların köməyi ilə sərəncamında qalan ərazi üzərində nəzarəti möhkəmləndirir və hərbiləşdirililmiş şiə birləşmələri ilə əks-hücuma hazırlaşır”.

Publika.az xəbər verir ki, bu barədə Suriyadakı hazırkı vəziyyəti şərh edən Fransanın “La Stampa” qəzeti yazıb.

"İranın ali dini lideri Əli Xameneinin məsləhətçisi Əli Əkbər Vilayəti Dəməşqə bu yaxınlarda etdiyi səfərində bildirdi ki, Tehran yaxın vaxtlarda Dəməşqə 1 milyard dollar məbləğində kredit verəcək. Kreditin neft, elektrik və qidalanma məhsulları üçün xərclənəcəyi bildirilir. Amma həqiqətdə İranın pulu həlak olmuş rejim əsgərlərinin qohumlarına və Əsədin yaxın ətrafındakı insanlara gedəcək”, - “La Stampa” qəzeti qeyd edib.

Amerika və ərəb mənbələrinin məlumatına görə, Suriyada əks-hücuma hazırlıq gedir. Əsas məqsəd şimaldan Fəth Ordusu, şərqdən İŞİD, cənubdan isə qərbyönümlü qruplaşmaları Dəməşqin ətrafına buraxmamaqdır. Hazırda Dəməşqin əks-hücum hazırlığında Livanın “Hizbullah” təşkilatı mühüm rol oynayır. Təşkilatın lideri Həsən Nəsrullah deyib ki, Əsəd devriləcəyi halda onlar da uduzacaqlar. Məlumata görə, “Hizbullah”ın Suriyaya göndərdiyi 5 min nəfər şiə döyüşçülərinin toplanmasını aktivləşdirir, həmçinin xaçpərəstlərdən könüllü dəstələr yaradır.

Fransa nəşrinin yazdığına görə, Əsəd qısa müddət ərzində güclü piyada qoşununu yaratmaq fikrindədir. Buraya həmçinin İraq, Əfqanıstan və Pakistandan olan şiə qruplaşmaları daxil ediləcək. Hazırda piyada qoşununa 10-15 min nəfər daxildir. İran generalı Kasım Suleymani bu mini-ordunun yaradılmasının rejissorudur.

“Bütovlükdə, təyyarələr, tanklar, artilleriya və xaricdən gələn şiə qruplaşmaları ilə birlikdə Əsədin seçmə qoşunları əks-hücumu həyata keçirməyə qadirdir. Əsədin hədəfi döyüş meydanında qələbələr qazanmaqla böhranın nizama salınmasının siyasi variantını həyata qaytarmaqdır”, - “La Stampa” qəzeti bildirir.

Qeyd edək ki, Dəməşq rejimi hazırda Suriya ərazisinin 40 faizindən də azına nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm