CHP-nin “AKP-siz koalisiya” planı və MHP-nin AKP-yə PKK şərti
Bizi izləyin

Dünya

CHP-nin “AKP-siz koalisiya” planı və MHP-nin AKP-yə PKK şərti

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ədalət və İnkişaf Partiyasının (AKP) təmsil olunmadığı koalisiya mesajı verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “AKP-CHP koalisiyası mümkündürmü?” sualına CHP sədri “Xalq "uzlaşın" deyir, amma bu tablonun içində AKP yoxdur” cavabı verib.

“Seçkilər başa çatdı. Türkiyə sürətlə seçki atmosferindən azad olmalıdır. Liderlər sağlam düşünməli, Türkiyə hökumətsiz qalmamalıdır. Xalqın mesajı çox açıqdır. “Oturun, uzlaşın. Türkiyənin problemlərini həll edin” deyir. Təkpartiyalı hökumət problemləri həll edə bilmədi. Xalq “uzlaşın” deyir, amma bu tablonun içində AKP yoxdur”, - Kamal Kılıçdaroğlu vurğulayıb.

Kılıçdaroğlunun açıqlaması CHP-nin Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) ilə koalisiya qurması və ya MHP ilə HDP-nin kənardan dəstəklədiyi bir azlıq hökuməti qurulması ehtimalını gündəmə gətirdi. CHP-nin seçkilərdə qazandığı mandat sayı 132-dir. Hökumətin qurulması üçün isə 276 mandat lazımdır.

MHP lideri Dövlət Bağçalı isə dünənki açıqlamasında koalisiyada iştirak etməyəcəklərini bildirib. HDP-nin həmsədri Səlahəddin Demirtaş isə heç bir halda AKP ilə bir koalisiyada yer almayacağını söyləyib.

Bu arada yayılan digər bir məlumata görə, CHP rəhbərliyi iki mərhələli bir strategiyanı həyata keçirməyə çalışır. Türkiyə Böyük Millət Məclisində (TBMM) 132 yer qazanaraq ikinci partiya olan CHP-də TBMM-nin sədri vəzifəsini ələ keçirmək istəyir. İddiaya görə, parlamentin ilk iclasına sədrlik edəcək Antalya millət vəkili Dəniz Baykalın bu postda daimi qalması üçün MHP və HDP ilə danışıqlar aparılacaq.

Qeyd edilir ki, CHP parlamentdə AKP-ni məğlub etməklə psixoloji üstünlüyü əlinə keçirməyi qarşısına məqsəd qoyub. CHP-nin hökumət ssenarisində əsas bənd Kılıçdaroğlunun baş nazirliyi ilə bir hökümətin yaradılmasıdır. CHP MHP-nin koalisiya ortağı, HDP-nin isə koalisiyanı kənardan dəstəkləyən partiya olması üçün hərəkətə keçib.

AKP ilə koalisiyaya girmə ehtimalı daha yüksək qiymətləndirilən MHP isə AKP ilə koalisiyaya getmək üçün şərtlərini açıqlayıb. Türkiyə mediasının yazdığına görə, MHP sədri Dövlət Baxçalı baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi halda 4 şərtini açıqlayacaq:

1.Prezident idarəetmə üsuluna keçmək fikrindən imtina edilməsi;

2. PKK terror təşkilatı ilə danışıqlardan imtina edilməsi;

3. 2013-cü il 17-25 dekabr əməliyyatlarında adı rüşvət və sui-istifadədə hallanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi; 4. Unitar dövlət quruluşu, eyni zamanda türk şəxsiyyəti ilə bağlı konstitusiyaya dəyişikliyin edilməməsi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm