Şahmat taxtasında ilk gedişlər: AKP TBMM-ni saxlaya biləcəkmi?
Bizi izləyin

Dünya

Şahmat taxtasında ilk gedişlər: AKP TBMM-ni saxlaya biləcəkmi?

Türkiyə Böyük Millət Məclisində (TBMM) bu gün keçiriləcək andiçmə mərasimi ilə ölkədə 8 iyun tarixindən gündəmdə olan “koalisiya hökuməti” axtarışlarında ən kritik mərhələ başlayır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, parlament sədrliyinə seçkilər koalisiya axtarışlarının gələcəyi baxımından da əhəmiyyətli ipucları verəcək.

Andiçmənin başa çatması ilə TBMM-nin sədrliyinə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Namizədlərin irəli sürülməsi prosesi 5 gün davam edəcək. Seçkilər isə 28 iyun-2 iyul tarixlərində keçiriləcək. Qazanılan səslərdən asılı olaraq parlament sədri dördüncü turun sonunda bəlli ola bilər.

Məlumata görə, hər hansı bir sürpriz yaşanmasa, Ədalət və İnkişaf Partiyası (AKP) öz namizədini sonuna qədər dəstəkləyəcək. Seçkilərin ilk iki turunda sədr seçilmək üçün 367 millət vəkilinin səsinə ehtiyac olacaq. Bu isə AKP ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) uzlaşacağı halda mümkündür. Çünki yalnız iki partiyanın parlamentdəki yerlərin sayı 367-dən çoxdur. Seçkilərin ilk iki turunda sədr seçilməsə, üçüncü turda 276 səsə ehtiyac olacaq. Bu turda diqqətlər AKP-Milliyyətçi Hərəkat Partiyası (MHP), AKP-Xalqların Demokratik Partiyası (HDP), yaxud da CHP-MHP-HDP uzlaşmasına yönələcək. Üç müxalifət partiyasının ümumilikdə sahib olduğu 292 mandat AKP-ni oyundan kənara itələmək üçün kifayət edir. Amma MHP ilə HDP arasında barışmaz münasibətlərin olması bu versiyanı arxa plana atır.

Seçkilərin üçüncü turunda HDP-nin sürpriz bir addım atacağı və öz namizədini geri çəkərək CHP-nin namizədinə dəstək verə biləcəyi, bu halda isə MHP-nin AKP-ni dəstəkləyəcəyi təxmin edilir. AKP ilə müxalifət partiyaları arasında razılaşmanın olmayacağı halda dördüncü tur keçiriləcək. Bu turda üçüncü turda ən çox səs qazanan iki namizəd iştirak edəcək və adi səs çoxluğu əldə edən namizəd sədr seçiləcək.

Partiyaların parlament sədrliyinə namizədləri də demək olar ki, bəllidir. AKP-nin kulislərində partiyanın namizədlərinin Ayişə Nur Bahçekapılı, Mustafa Şentop, Numan Kurtulmuş, Nabi Ovçu və Əhməd İyimaya ola biləcəyi bildirilir.

CHP-də partiya sədrinin köməkçisi Halik Koçun adı çəkilir. Partiyada həmçinin Akif Hamzaçebi, Engin Altay və Şafak Paveyin adı önə çıxır. Dəniz Baykalın isə prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bu şansını itirdiyi deyilir.

MHP-də ən güclü namizəd olaraq Ekmeleddin İhsanoğlunun adı çəkilir. Murad Başesgioğlu, Ruhsar Dəmirəl və Zühal Topçu MHP-nin mümkün namizədlərindəndir.

HDP parlament sədrliyinə namizədini açıqlayan ilk partiya olub. HDP AKP-nin qurucularından olan və son seçkilərdə HDP-dən millət vəkili seçilən Dengir Mir Mehmet Firatla seçkilərə qatılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm