Ankara ABŞ-a İncirlik üçün şərtlərini açıqladı
Bizi izləyin

Dünya

Ankara ABŞ-a İncirlik üçün şərtlərini açıqladı

Dünən Ankara son illərin ən uzun Türkiyə-ABŞ danışıqlarından birinə ev sahibliyi edib.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın İŞİD terror qruplaşması üzrə xüsusi nümayəndəsi general Con Allen və müdafiə məsələləri üzrə məsləhətçisi Kristine Vormutun Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlunun başçılıq etdiyi heyətlə danışıqları 8 saat davam edib.

Danışıqlarda İŞİD-lə mübarizə yolları və Mosul əməliyyatı üçün İncirlik bazasından istifadə edilməsi məsələlərinin müzakirə edildiyi bildirilir. Sızan məlumatlara görə, ABŞ tərəfi Suriya və İraqda İŞİD-lə mübarizədə İncirlik bazasından istifadə edilməsinin əhəmiyyətini gündəmə gətirib. Türkiyə tərəfi isə bunun üçün prioritet şərtlərini açıqlayıb.

Bu şərtlərdən biri odur ki, həm silahlı pilotsuz təyyarələr, həm də döyüş təyyarələri İncirlik bazasından istifadə etməyə başlayarsa, bununla bağlı Türkiyəni məlumatlandırmaq lazımdır. Digər şərt isə Türkiyə-Suriya sərhədində “kürd qurşağı"nın yaradılmasının qarşısının alınması üçün PKK-nın Suriya qolu olan PYD-nin Firat çayının qərbinə, yəni Cerablus-Azez xəttinə daxil olmamasıdır. Ankara bu ərazinin Azad Suriya Ordusu və İslami Cəbhə kimi qrupların əlində qalmasını, İŞİD və ya PYD-nin əlinə keçməməsini istəyir.

Məlumata görə, İncirlikdə hazırda üç ədəd silahsız pilotsuz təyyarə var. ABŞ Türkiyə tərəfini məlumatlandırmaqla onlardan kəşfiyyat məqsədi ilə istifadə edə bilir. ABŞ ötən ay Ankaradan pilotsuz təyyarələrdən ikisinin silahlandırılmasını istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm