Lerikdə dağ uçqunu: 150-dən artıq avtomobil yolda qaldı (YENİLƏNİB)
Bizi izləyin

Ekologiya

Lerikdə dağ uçqunu: 150-dən artıq avtomobil yolda qaldı (YENİLƏNİB)

Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib. Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə “Azəravtoyol”ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanovun Publika.az-a verdiyi məlumata görə, uçqun baş verən ərazi aktiv sürüşmə sahəsi hesab edilmir: “Həmin yolda əsasən köklü, bərk süxurlar yayılıb. Lakin bəzi hissəslərdə nisbətən zəif süxurlara da rast gəlinir. Son günlər yağan yağışlar həmin süxurların nisbətən boşalmasına səbəb olub ki, nəticədə belə bir uçqun yaranıb. Uçqun yolun 35-40 metrini əhatə edir. Uçan kütlələrin diametri 3-5 metrdir. Hazırda İcra Hakimiyyəti və yol istismar sahəsinin əməkdaşları uçan kütləsinin təmizlənməsi istiqamətində iş aparır. Kütlə təmizlənəndən sonra yol istismara veriləcək. Uçqun baş verən ərazi yaşayış məntəqələrindən kənar olduğuna görə ciddi fəsad qeydə alınmayıb”.

***

Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində "Dağlar qapısı" deyilən ərazidə baş verib. Yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə örtülüb. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 150-dən artıq avtomobil yolda qalıb.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov əraziyə yol-istismar idarəsinin texnikaları və canlı qüvvəsinin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm