Qarşıdakı günlərdə Azərbaycanda daha DƏHŞƏTLİ İSTİLƏR OLACAQ - Nazirlik
Bizi izləyin

Ekologiya

Qarşıdakı günlərdə Azərbaycanda daha DƏHŞƏTLİ İSTİLƏR OLACAQ - Nazirlik

“Sonuncu dəfə 46 dərəcə isti Culfada 2000-ci ilin avqustunda qeydə alınıb. Lakin iyul ayında belə yüksək temperatur heç zaman müşahidə edilməyib. Proqnoz özünü doğrultsa, sabah respublika ərazisində iyul ayı üçün daha bir rekord yenilənəcək”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında 40-43 dərəcə anomal istilər davam edəcək.

“Buna görə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün əlaqədar təşkilatlara, eyni zamanda KİV-lə əhaliyə xəbərdarlıq edilib. Artıq uzun müddətdir ki, cənub və cənub qərb axınları orta topesferdə bərqərar olub. Nəticədə cənubdan, Şimali Afrika, İran, İraqdan Azərbaycana qızmar hava kütləsi daxil olur. Bu proses davamlıdır. Yer səthində hava şəraitini alçaq təzyiq sahəsi təyin edir, ona görə də hava durğundur, bütün bu amillər istilik effektini daha da kəskinləşdirir. Axşam saatlarında cənub-şərq küləyinin əsməsi nəticəsində nisbi rütubət də yüksək olur. Ümumiyyətlə, hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz və risklidir”.

Nazirlik rəsmisi ötən gün ölkə ərazisində qeydə alınan temperaturun bir sıra ərazilər üzrə rekord göstəriciləri yenilədiyini bildirib: “Bildiyiniz kimi dünən Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə isti olub. İyul ayında ən yüksək temperatur - 41 dərəcə 2017-ci ildə qeydə alınmışdı. Bütün instrumental müşahidələrə görə, ən yüksək temperatur dünən qeydə alınıb. Dünən bir çox regionlarda da iyul ayının rekordu təzələnib. Məsələn, Salyanda 43 dərəcə temperatur qeydə alınıb ( ondan əvvəlki reckord 41 idi), Qəbələdə 38 dərəcə olub (əvvəlki rekod 37 dərəcə), Mərəzədə 40 dərəcə (əvvəlki rekord 38 dərəcə), Ağstafada 42 (əvvəlki rekord 40 dərəcə), Ordubadda 43 dərəcə (əvvəlki rekord 40 dərəcə) istilik qeydə alınıb. Ümumiyyətlə, anomal istilər bütün respublikanı əhatə edib, ancaq ən yüksək temperatur Bakıda və Abşeron yarımadasında qeydə alınıb. Üstəlik, hava küləksiz olanda yüksək temperaturun təsiri daha kəskin olur. Belə bir şərait iyulun 3-ü və 4-də müşahidə ediləcək”.

U.Tağıyeva bildirib ki, iyulun 5-dən etibarən hava tədricən mülayimləşəcək.

“İyulun 6,7 və 8-də havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək, şimal küləyinin güclənməsi müşahidə ediləcək. Lakin ölkə ərazisində iyul və avqust aylarında isti hava şəraitinin müşahidə ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdik. Təəssüf ki, son 10 ilin tendensiyası göstərir ki, anomal isti günlərin davamiyyəti və təkrarlanması artır”.

Nazirlik tərəfindən açıqlanan rəqəmin kölgə üçün proqnozlaşdırıldığını deyən, U.Tağıyeva bildirib ki, şəhərin bəzi ərazilərində daha yüksək temperatur qeydə alına bilər: “Nazirlik tərəfindən təqdim olunan temperaturun göstəriciləri Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hedrometeoroloji müşahidələrə dair təlimatlara əsaslanır. Bu təlimatlara uyğun olaraq hidrometeoroloji stansiyanın quraşdırılma yeri ilə bağlı xüsusi göstərişlər var. Orada yer səthi asfalt, ölçü cihazlarına birbaşa Günəş şüalarının təsiri olmamalıdır. Bizim təqdim etdiyimiz rəqəmlər kölgədə olan temperaturu göstərir. Buna görə də şəhərin müxtəlif ərazilərində bizim təqdim etdiyimiz göstəricilərdən daha yüksək temperatur qeydə alına bilər. Bu, normal haldır. Çünki asfalt qızması, binaların sıx yerləşdiyi məqamlar temperatura təsir göstərir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm