Yanğında təqsirkar olanların tapılmasına başlanılıb - ETSN
Bizi izləyin

Ekologiya

Yanğında təqsirkar olanların tapılmasına başlanılıb - ETSN

"Siyəzən rayonunun Köhnəquşçu kəndinin yaxınlığındakı biçənək sahəsindən başlayıb sonra isə güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçən və hələ də davam edən yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması istiqamətində işlərə başlanılıb".

Bunu Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Faiq Mütəllimov deyib.

O bildirib ki, həmin şəxslərin qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə dəymiş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub: "Yanğına səbəb olan şəxs qanun qarşısında cavab verməlidir və ən sərt şəkildə cəzalandırılmalıdır ki, digərlərinə örnək olsun".

F.Mütəllimov qeyd edib ki, bir şəxsin səhlənkarlığı, məsuliyyətsizliyi, etinadsızlığı nəticəsində təbiətə ciddi ziyan dəyir: "Təəssüflər olsun ki, Azərbaycanda baş vermiş yanğınlar əsasən antropogen təsirlər nəticəsində baş verir, yəni buna səbəb insan faktorudur. İnsanlar odla ehtiyatsız davranırlar, istirahətdə olduqları zaman qaladıqları ocağı söndürmədən ərazini tərk edirlər, yaxud siqaret və kibriti hara gəldi atırlar. Ən çox da biçənək sahələrinin yandırılması böyük yanğınlara səbəb olur".

Nazirlik rəsmisinin sözlərinə görə, yanğın başlayan zaman əhalinin köməyi çox vacibdir: "Müvafiq qurumlarla birgə əhali, kənd sakinlərinin özləri də yanğının söndürülməsində yaxından iştirak etməlidirlər".

O qeyd edib ki, Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar: "Milli Parkın ərazisinə yaxın kənddə biçənək sahəsinə od vurulub və yanğın bu səbəbdən baş verib, yəni yenə insan faktoru... Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub, növbəli rejimdə iş aparılır. Amma havanın isti və küləkli olması, yüksək dağlıq ərazi yanğının söndürülməsində çətinliklər yaradır".

Təbiətə dəyən ziyana gəlincə, nazirliyin əməkdaşı qeyd edib ki, hazırda yanğının tam söndürülməməsi səbəbindən ziyan haqqında məlumat vermək mümkün deyil: "Yanğın nəticəsində ot və torpaq örtüyünə, meşənin alt yarusuna kifayət qədər ziyan dəyib. Belə yanğınlar milli parkın ərazisindəkiflora və faunaya da ciddi ziyan vurur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm