"Hər an uçub, tökülə bilər" - Şöbə müdiri Badamdardakı sürüşmədən DANIŞDI
Bizi izləyin

Ekologiya

"Hər an uçub, tökülə bilər" - Şöbə müdiri Badamdardakı sürüşmədən DANIŞDI

Badamdar ərazisindəki sürüşmə aktiv şəkildə davam edir. Məlumata görə, sürüşmənin qarşısında tikilən dayaq divarlarından biri 3-5 metr irəli gəlib və müəyyən hissəsi isə yola doğru tökülüb.

Ərazidəki son vəziyyətlə bağlı Publika.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib ki, ərazidə tədqiqat aparıb, hər hansı bir tədbir görmək olduqca risklidir:

"Bu sürüşmə yeni deyil, illərdir həmin ərazidə passiv də olsa, hərəkət var idi. Biz 2015-ci ildə ərazidə tədqiqat işləri aparmışıq və aidiyyəti qurumlara vəziyyəti bildirmişik. Sürüşmənin qaş hissəsi həddindən artıq yüklənib. Orda yaşayış evlərinin, villaların tikilməsi düzgün deyil. Çox risklidir. Bir başqa faktor isə insan amilidir. Həmin ərazidə bildiyiniz kimi kanalizasiya sistemi yoxdur, torpağa axıdılan sular yamac boyu ərazidəki təhlükəni daha da artırır. Həmin yamac ümumiyyətlə, qədim sürüşmə yeridir və insanların yaşayışı üçün qəti şəkildə münasib yer deyil. Ora hər an uçub, tökülə bilər. Ərazi qumlu, gilli suxurlardan formalaşıb, bir qədər islanan kimi sürüşür. Sürüşmənin qarşısının alınması üçün tikilən dayaq divarları sürüşməni daha da sürətləndirib. Orada ərazinin vəziyyəti tərəzi kimidir. Gərək hər iki tərəfi eyni cür saxlayasan ki, ağırlıq olmaya. Amma hazırda bir tərəfdə olan ağırlıq (sürüşmə istiqamətində) çox olduğu üçün sürüşmənin qarşısını almaq mümkün olmayacaq. Biz bunu 2015-ci ildən demişdik. Hələ bu günə qədər ordakı tikililər uçmayıbsa, özü də şükürlüdür”.

Onun sözlərinə görə, 2015-ci ildə sürüşmənin qarşısının alınması üçün irəli sürülən ilk tədbirə riayət etmək lazım idi:

“Görülməsi lazım olan ən vacib və birinci dərəcəli tədbir ərazidə qəti şəkildə yaşayış evlərinin tikilməsini qadağan etmək idi. Orda heç bir kanalizasiya sistemi yoxdur . Ərazidə həddən artıq ağırlıq var və inanmıram ki, bunun qarşısını almaq mümkün olsun. 2 mərtəbə, 3 mərtəbə villalar sürüşməni sürətləndirir. İnsanlar sürüşmənin qarşısını almaq üçün yaşayış evlərinin kənarlarına dayaqlar qoyublar ki, bu da düzgün deyil. Sürüşməni aktivləşdirən daha bir amildə budur. Biz 2015-ci ildə demişdik ki, ərazidə bağ salmaq, ağac əkmək daha münasib olardı ki, sürüşmənin qarşısı nisbətən alınsın. Bu məsələdə bir çox qurumların rolu var, çünki orada heç kim özbaşına yaşayış yeri salmayıb”.

Əvəz Salamov onu da əlavə edib ki, Azərbaycanda sürüşmə zonaları həddən artıq çoxdur və bu istiqamətdə ciddi araşdırmalara ehtiyac var:

“50 ilə yaxındır Azərbaycandakı bəzi universitetlərdə mühəndis-geoloqlar yetişdirilir. Yaxşı olardı həmin geoloqlar əraziyə cəlb edilsinlər. Xarici ölkədən gətirilən mütəxəssislər bu ərazilərə hakim deyillər. Onlar ərazini tədqiq edənə qədər müəyyən müddət keçəcək ki, bu müddətdə sürüşmə davam edəcək. Ərazi günbəgün genişlənir, təhlükə artır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Publika.az-a bildirib ki, dünən axşam saat 5-də yaşayış evlərinin hasarlarından biri uçub:

“Ərazidə ümumi stabil gərginlik hazırda davam edir. Dünən yaşayış evlərindən birinin hasarlarında uçqun tipli sürüşmə hadisəsi baş verib. İstinad divarlarının deformasiyaya uğradığı istiqamətdə. Yan hissədə kiçik bir lay qalmışdı, amma gecə saatlarında artıq o lay da uçub tökülüb. Bu gün səhər saatlarında prosesin baş verdiyi əraziyə çıxdım. Orada həmin hasarların içəri tərəfində yarım tikili var. Tikilinin altındakı torpaq həddən artıq nəmli idi və qopmalar baş verirdi. Sürüşmə ağırlıq səbəbindən davam edir. Çox güman ki, həmin ərazi və yarım tikili sürüşmə səbəbindən uçacaq. Təhlükə artmağa davam edir, çünki sürüşmənin qaş hissəsi artıq yaşayış evlərinə tərəf yaxınlaşıb. 2012-ci ildə burada sürüşmə qeydə alınanda hamarlama işləri aparıldı, istinad divarları tikildi. Lakin, belə demək olarsa, o divarların heç bir xeyri olmadı. Artıq divarın elə hissəsələri var ki, 3-5 metrdən də çox irəli gəlib. İndiki halda sürüşmə kütləsinin üzərinə çıxmaq, müşahidə aparmaq olduqca təhlükəlidir. Hər an hadisə baş verə bilər. Sadəcə olaraq biz gözləyirik ki, sürüşmə dayansın, gərginlik bitsin ki, orada tədqiqat işləri aparılsın.”.

Əziz Qaralov deyib ki, hadisəni sürətləndirən əsas amil yaşayış evlərindən əraziyə axıdılan su kütlələridir:

“Çoxsaylı evlər var və kanalizasiya sistemi yoxdur. Sular birbaşa torpağa axıdılır. Heç kim bu suların hara getdiyini düşünmür və nəticədə də belə hallar baş verir. Torpaq demək olar ki, tam doyub. Badamdar ilə 20-ci sahə arasındakı asfaltla villaların, tikililərin olduğu yer arasında hündürlük fərqi artıb. Yuxarı həddən artıq hündürdü və ərazi qumlu, gilli, tez doyan torpaq yamac boyunca ağırlıq səbəbindən aşağıya doğru axın edir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm