Azərbaycanın yeraltı su mənbələri müəyyənləşdirilir
Bizi izləyin

Ekologiya

Azərbaycanın yeraltı su mənbələri müəyyənləşdirilir

Azərbaycanda yerüstü suların çirklənməsi zamanı yeraltı su ehtiyatlarından istifadə edilə bilər. Buna mövcud yeraltı su ehtiyatlarının həcmi imkan verir.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Sektor müdiri qeyd edib ki, Azərbaycanın yeraltı su ehtiyatları 8 milyard kub metr həcmində qiymətləndirilir:

“Bu, az göstərici deyil. Yəni bu gün istehlak etdiyimiz qədər yeraltı su ehtiyatımız var. Bu su ehtiyatları gələcəkdə bizim üçün yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı çətinlik yarandığı təqdirdə, ondan istifadə etməyə imkan yaradır. Çünki bizim yeraltı sularımız təmiz və istifadə üçün tam yararlıdır”.

M.Əbdülhəsənovun sözlərinə görə, bu gün yeraltı su ehtiyatının az hissəsi istifadə edilir. Bakının içməli su ilə təminatını Ceyranbatan su anbarı, Şollar, Oğuz-Qəbələ, Kür su kəmərləri ödəyir. Hazırda ölkəmizdə bir çox şəhərlərin su təchizatında yeraltı su ehtiyatlarından istifadə edilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən davamlı şəkildə yeraltı su mənbələrinin axtarışı istiqamətində tədbirlər həyata keçirilir və mənbələr müəyyənləşdirilir. Yerüstü su mənbələrinin olmadığı ərazilərdə, yeraltı su mənbəyinin müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyat işləri aparılır. Suyun keyfiyyətinin sanitar normalara cavab verdiyi ərazilərdə yeraltı su mənbələrindən içməli su kimi istifadəyə icazə verilir.

Araz və Kür çaylarının suyu qonşu ölkələrin ərazisindən çirklənərək ölkəmizə daxil olur. Ona görə də həmin sudan içməli su kimi istifadədə çətinliklər yaranır və suyun normalara uyğun təmizlənməsi üçün əlavə vəsait tələb olunur. Bununla bağlı həmin ərazilərdə yerləşən bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin edilir".

M.Əbdülhəsənov onu da əlavə edib ki, Kür çayında artıq bulanıqlıq ilboyu müşahidə edilir. Bu səbəbdən çaydan istifadə üçün götürülən suyun təmizlənməsi məqsədilə sutəmizləyici qurğuların quraşdırılması tələb olunur. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm