• USD 1,7000 0,00% EUR 1,8751 +0,02%
    • GBP 2,1685 +0,96% RUB 0,0264 0,00%

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

Publika.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında, 1200 nəfər sakinin yaşadığı binaları əhatə edən məhəllədə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə mini-futbol, voleybol və basketbol meydançaları, 6 idman qurğusu, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, o cümlədən 19 oturacaq quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzinin təmin edilməsinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idman məşğələlərinə marağın yaradılmasına nail olmaqdır. Həmçinin ərazidə yeni fəvvarə tikilib, “Şəhidlər kompleksi” bərpa edilib.

Sakinlərin istəkləri nəzərə alınaraq yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Sahəsi 13 min kvadratmetr olan həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 5 min kvadratmetrdə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on yeddinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR