Azərbaycanda havalar niyə həddən artıq İSTİ KEÇİR? - Umayra Tağıyeva AÇIQLADI
Bizi izləyin

Ekologiya

Azərbaycanda havalar niyə həddən artıq İSTİ KEÇİR? - Umayra Tağıyeva AÇIQLADI

“Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir”

Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur.

“İyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir.

Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: Bakıda 37, Abşeron yarımdasında 39,6, Aran rayonlarında isə 40-42 dərəcə isti, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir”.

Direktorun sözlərinə görə, son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir: “Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır. Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Xanımlar uşaqları günəşdən qorusunlar, yaşlı insanların günəşin altında olmaları məsləhət deyil”,

U.Tağıyeva əhaliyə hava şəraiti ilə bağlı təsəlliedici bir xəbər də verib: “Bakı-Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyun ayının 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək”.

Departament rəhbəri bildirib ki, ümumiyyətlə, iqlim dəyişmələrinin təsirləri isə çoxşaxəlidir: “Bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir. Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər”.

Həmçinin qeyd edib ki, Xəzər dənizinin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır: “1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır.

Buna cavab olaraq biz nə edə bilərik? Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm