• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Dərslikdə Azərbaycanın dövlət siyasətinə ZİDD İNFORMASİYA verən müəllif DANIŞDI

Dərslikdə Azərbaycanın dövlət siyasətinə ZİDD İNFORMASİYA verən müəllif DANIŞDI

Doqquzuncu sinif “Azərbaycan tarixi” dərsliyində Şeyx Məhəmməd Xiyabani ilə Azərbaycan Xalq Cümhuriyyəti arasındakı əlaqələrlə bağlı yer alan cümlə tarixçilər arasında fikir ayrılığına səbəb olub.

Belə ki, kitabın 110-cu səhifəsində yazılır: “Şeyx Məhəmməd Xiyabani qurduğu yeni dövləti "Azadistan" (Azad ölkə) adlandırdı. Onun “Azərbaycan” adına və Şimali Azərbaycana ehtiyatla yanaşmasının səbəbi, AXC hökumətinin ingilislərlə sıx əməkdaşlıq etməsi idi”.

Tarixçilər hesab edir ki, bu cür təqdimat Azərbaycanın dövlət siyasətinə ziddir, ötən əsrdə şimali və cənubi Azərbaycan əlaqələrinə kölgə salır.

Etiraza səbəb olan dərsliyin müəllifləri Yaqub Mahmudlu, Qabil Əliyev, Mehman Abdullayev, Leyla Hüseynova, Hafiz Cabbarovdur. Tarixçilərin etirazına səbəb olan fikirlə bağlı müəlliflərdən Qabil Əliyev cavab verdi.

O, Publika.az-a açıqlamasında dərslikdə müəllif heyətinin yazdığı bütün məlumatların elmi həqiqət olduğunu, mübahisəyə ehtiyac görmədiyini dedi. Tarixçilərin iradlarına gəlincə, Q.Əliyev onlarla da razılaşmadığı məqamların olduğunu bildirdi: “Tarixçilər Azərbaycan Xalq Cümhuriyyətinin İngilislərin əlaltısı olmadığını irad kimi bildirir. Biz də əslində həmin fikri dərslikdə yazmışıq. Əvvəlki mövzuda İngiltərənin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərinin dəyişdiyini, münasibətlərin yaxşı olduğunu yazırıq, lakin həmin bölmədə əlaltısı olduğunu ifadə etməyə çalışmırıq. Cümhuriyyətin 100-dən çox ölkə ilə diplomatik əlaqə qurması fikri də yanlışdır. 20 dövlət Azərbaycanla diplomatik münasibət qurmuşdu. Kitabda qeyd olunan sözlərə gəlincə, Şeyx Məhəmməd Xiyabaninin “Azərbaycan” adına və Şimali Azərbaycana ehtiyatla yanaşmasının səbəbinin AXC hökumətinin ingilislərlə sıx əməkdaşlıq münasibəti ilə əsaslandırılmasında kiçik bir düzəlişə ehtiyac var. Növbəti nəşrdə həmin cümləyə “vaxtilə” sözünü əlavə edə bilərik. Çünki Cənubi Azərbaycanda Milli Hökumət 1920-ci ilin iyunun 23-də yaranıb, həmin il aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi”.

Mövcud olmayan bir dövlətin ingilislərlə keçmiş əməkdaşlığının yeni yaradılmış bir dövlətin ad seçiminə necə təsir etməsinə gəldikdə, dərslik müəllifi bu məqamın şagirdlərdə çaşqınlıq yaratmayacağını düşünür: “Azərbaycan Xalq Cümhuriyyəti süqut edənə qədər İngiltərə ilə münasibətləri normal olub. 1920-ci ildə İngiltərə xarici işlər nazirinin təklifi ilə Paris sülh konfransında Azərbaycanın müstəqilliyi de-fakto qəbul edildi. Lakin Cənubi Azərbaycanda 1919-cu ildə İngiltərə qeyri-bərabər hüquqlu müqavilə imzalamışdı. Orada İngiltərəyə münasibət işğalçıya olan münasibət idi. Biz də həmin münasibəti əsas tutaraq bu məqamı qeyd etmişik. Ola bilər ki, həmin cümləyə dediyim kimi “vaxtilə” sözünü əlavə edək. Bu da çaşqınlığa son qoysun. Şimalda vaxtilə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə ilə sıx əməkdaşlığı kimi yazıla bilər. Kontekstdən çıxaranda bu cümləyə ehtiyac duyulmaya bilər, lakin kompleks yanaşanda həmin cümlənin dərslikdə yer alması şagird üçün bir informasiyadır.

Bundan başqa, həmin cümlədən sonra “1920-ci ilin iyun ayında isə artıq aprel istilası nəticəsində yaradılmış Sovet Azərbaycanı isə Rusiyadan tam asılı idi” cümləsi də qeyd edilib. Bütün bunları əsas tutaraq Ş.M.Xiyabani fərqi nəzərə çarpdırmaq üçün dövlətin adını “Azadıstan” adını seçib. Dərsliyin etiraza səbəb olan bölməsində biz Xiyabaninin Azərbaycanın böyük oğlu olduğunu, tarixi həqiqətlərlə göstərməyə çalışmışıq. Əlbəttə, mövzunu bir az geniş izah etmək olardı. Dərsliklə bağlı tələblər nəzərə alınaraq mövzularda bəzi ixtisarlar etmək məcburiyyətində qalmışıq. Uşaqların yaş xüsusiyyətini nəzərə alaraq mümkün qədər yığcam, obyektiv informasiya verməyə çalışmışıq. Növbəti siniflərdə mövzu daha geniş və mənbələrə əsaslanmaqla şərh ediləcək. Lakin dərslikdə heç bir ziddiyyət görmürəm”.

Dərslik müəllifi bildirir ki, bu cümlədəki əlavəyə ehtiyac duyulmasına baxmayaraq fikir yanlış deyil. AXC ilə İngiltərənin sıx münasibətinə Ş.M.Xiyabani çox mənfi yanaşırdı: “Lakin bu Cümhuriyyətlə Xiyabani dövlətinin arasında münasibətin pis olması anlamına gəlmir. Çünki istər Xiyabaninin İngiltərəyə münasibətinin mənfi olmasının səbəbi, istərsə də Cümhuriyyətlə İngiltərə münasibətləri barədə əvvəlki paraqraflarda məlumat verilib. Biz tarixi faktı göstərmişik. Şagird məntiqi əlaqəni və fərqi müəyyən edə bilər. Bu fikirlərdə dolaşıq heç nə yoxdur”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR